Qriqorçuk: "Gərək kimsə ölsün, ondan sonra cəza verilsin?"

21:21 5 Avqust 2015

“Sabahkı qarşılaşmada hakimin portuqaliyalı olması məni maraqlandırmır. Biz yalnız öz oyunumuz barədə düşünməliyik”. Sportarena.az "apasport.az" saytına istinadən xəbər verir ki,  bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Qəbələ klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Apollon”u qəbul edəcək. Kiprdəki ilk qarşılaşmada qollu bərabərlik (1:1) qeydə alınmışdı.

 

Roman Qriqorçuk bu gün baş tutan oyunöncəsi mətbuat konfransında əvvəlcə ilk matçı ukraynalı hakimin idarə etməsi ilə bağlı sualı cavablandırıb:

 

“Bu, məni maraqlandırmır. Bu məsələni şərh vermək istəmirəm. Gülməli görsənir. Hakimin hansı ölkədən olmasının nə fərqi var? Hakimlər FİFA dərəcəlidilər. Yəni Avrokubok oyunlarına ən güclü hakimlər təyin olunurlar. Bu gün istənilən komandada əcnəbi oyunçu tapmaq olar. Düşünmürəm ki, FİFA da hakim təyin edəndə hansısa komandada kimin oynadığına önəm verir. Həmyerlim Boykonu tanıyıram. İlk görüşdəki matçda penalti qərarının doğru olduğunu da hamınız gördünüz. Boyko öz karyerası barədə düşünür. Heç bir hakim öz karyerasını hansısa komandanın qələbəsi üçün qurban verməz”.

 

- Növbəti mərhələ şansını necə dəyərləndirirsiniz. Və komandanın hazırkı durumu sizi qane edirmi?

- Əminəm ki, bizi çox çətin oyun gözləyir. Rəqibimiz güclüdü. Səfərdə qollu bərabərlik hələ heç nə demək deyil. “Apollon”un heyətində bacarıqlı, sürətli oyunçular var. Belə oyunçuları zərərsizləşdirmək çətindi. Bizə çətin anlar yarada bilərlər. Artııq ilk matçın nəticəsini unutmuşuq. Sabahkı görüşə köklənmişik.

 

- Komandada psixoloji durum necədi? “Qarabağ” bu gün məğlub olsa və “Qəbələ” sabah qələbə qazansa, Azərbaycanın bir nömrəli komandasına çevrilə bilərsiniz. Bunu nəzərə almısınızmı?

- Çox maraqlı sualdı. Mən özlüyümdə indi bunu analiz etdim. İnanmıram ki, futbolçularımız bu cür düşünürlər. “Qarabağ”a da, “İnter”ə də azarkeşlik etmək lazımdı. Azərbaycanın nə qədər çox komandası mübarizəni davam etdirsə, bir o qədər əla olar. Bu gün “Qarabağ”a, sabah isə bizə və “İnter”ə azarkeşlik etmək lazımdı. Bütün bunlar Azərbaycan futbolunun xeyrinə olar. Artıq ölkə çempionatı da başlamaq üzrədi. Belədə çempionatda da rəqabət daha güclü olacaq. Mən istəmərəm ki, hansısa klubumuz mübarizəni dayandırsın.

 

- Cavid Hüseynova UEFA tərəfindən cəza verilərsə, bunun sizə hansısa təsiri ola bilərmi?

- Cavidin həmişə oynamasını istəyirəm. Amma gəlin ordakı hadisələrdən danışaq. Amma penalti təyin olunandan sonra kiprli azarkeşlər özlərini vəhşi kimi aparmağa başladılar. Azarkeşlər meydançadakı insanlara daş, şüşə qabları atmağa başladılar. O əşyalardan biri kiminsə başına tuş gələ və orda insan ölə bilərdi. Əslində, bu hadisəyə görə, oyun yarımçıq dayandırılmalı və “Qəbələ”yə 3:0 hesablı texniki qələbə verilməli idi. Amma adını çəkmək istəmədiyim başqa bir oyunda bunu etdilər. Gərək kimsə ölsün, ondan sonra cəza verilsin? Görün, kiprlilər necə mədəniyyətdən geri qalmış insanlardı ki, belə hərəkət edirdilər. Mən onlarda qəzəbi görürdüm. Şokda idim. Biz XXI əsrdə yaşayırıq. UEFA ilk növbədə onlara cəza verməlidi. Ondan sona Cavidin məsələsinə baxmaq olar. Cavid Hüseynova cəza verilməsə, mən təəccüblənmərəm. Amma azərbaycanlı azarkeşlər sabah eyni şeyi təkrarlamasınlar. Biz onlara mədəniyyətin nə olduğunu göstərək. Bundan başqa, bayrağın yandırılması da yolverilməz haldı. Futbolçu bunu gördükdən sonra necə sakit dayansın?

 

- Sabah qələbə qazandıqdan sonra aerodrom papağı ilə əyləşəcəksiniz burda? Artıq tapmısınız?

- Məmnuniyyətlə. Təki qələbə qazanaq.


Digər xəbərlər

Xəbər xətti