Mərkəzi arena təmirə bağlandı - "Qarabağ" üçün

18:49 10 Avqust 2015

Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün təmirinə başlanılıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report.az"a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, məqsəd "Qarabağ"ın avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünədək ot örtüyünü hazır vəziyyətə gətirməkdir.

 

A.İsmayılov bildirib ki, aparılan işlərlə əlaqədar "Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda "Rəvan"ı Respublika Stadionunda qəbul edə bilməyəcək. O, bərpa prosesindən sonra arenada ilk qarşılaşmanın məhz "Yanq Boyz"la oyuna təsadüf edəcəyini söyləyib.

 

Qeyd edək ki, Respublika Stadionunun ot örtüyü "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə saralmağa başlayıb. Nəticədə elə də əlverişli olmayan qazonda baş tutmuş oyunda hesab açılmayıb və Ağdam təmsilçisi ilk matçdakı 0:1 hesablı məğlubiyyət üzündən ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti