"Qəbələ" rəsmisi "Panatinaikos"un menecerinin cavabını verdi

15:10 13 Avqust 2015

"Qəbələ"nin meneceri Səməd Nəsibov Avropa Liqasının pley-off mərhələsində bu komandanın rəqibi olan Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahosun açıqlamalarına münasibət bildirib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:

 

"Matça hətta kommunistlər də gələ bilərlər. Axı biz bilet satarkən insanları siyasi baxışlarına görə bölə bilmərik. Ona görə "Panatinaikos"la oyunumuza Türkiyədən "bozqurd"ların gəlməsi də mümkündür. Bizim əsas vəzifəmiz isə təhlükəsizliyi yüksək səviyyədə təmin etmək və təxribata yol verməməkdir. Rəqib düşərgədə əbəs yerə bizim matçı yüksək səviyyədə təşkil edəcəyimizdən narahat olurlar. "Qəbələ" ilk dəfə deyil ki, beynəlxalq turnirə ev sahibliyi edir. Kipr "Apollon"u da təxribatdan narahat idi. Amma biz onlarla ev oyununu layiqli şəkildə təşkil etdik. Kipr bayrağı təhqir olunmadı. Halbuki, onların təşkil etdiyi ev oyununa dair bunu demək olmaz. Çünki Azərbaycan bayrağına qarşı orada böyük hörmətsizlik göstərildi".

 

Nəsibov hesab edir ki, Yunanıstan klubunun rəsmisinin açıqlamalarının bir səbəbi var: "Onlar bizim klubdakı psixoloji vəziyyətdən xəbərdardırlar. Bu üzdən də vəziyyəti daha da ağırlaşdırmaq istəyirlər. Qoy "Panatinaikos" öz ev oyununda təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək haqda düşünsün. Eşitdiyimə görə, ötən mövsüm onların azarkeşlərinin xoşagəlməz davranışı səbəbindən klubun üç xalı silinibmiş. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".


Digər xəbərlər

Xəbər xətti