Akif Tağıyev : "Jurnalist döyüləndə Tovuzda olmuşam" - MÜSAHİBƏ

14:46 16 Avqust 2015

Dünən “Turan Tovuz”un futbolçusu Akif Tağıyevin jurnalist Rasim Əliyevin ölümü ilə bağlı izah verməsi üçün 8-ci bölməyə çağırıldığı ilə bağlı xəbər vermişdik. Akif jurnalistin ölümündə günahkar bilinən futbolçu Camal Məmmədovla telefon danışığına görə bölmədə izahat verdikdən sonra günorta saatlarında sərbəst buraxılıb və bu barədə mətbuatda məlumatlar dərc olunub. Bundan bir qədər əvvəl isə bəzi saytlarda onun Rasim Əliyevə xəsarət yetirənlərdən biri olması ilə bağlı xəbər yer almışdı. Akiflə əlaqə saxlayıb bəzi məsələrə aydınlıq gətirdik:

- Srağagün günortadan sonra 8-ci bölmədən mənimlə əlaqə saxladılar və ora getməli olduğumu bildirdilər. Bölməyə gedəndə iş vaxtı qurtarmışdı, mənimlə görüşməli olan şəxslər orada deyildilər. Ertəsi gün səhər tezdən yenidən bölməyə yollandım.Bir neçə sualı cavablandırdıqdan və izahat yazandan sonra sərbəst buraxıldım. Mətbuatda həbsimlə bağlı gedən məlumatlar doğru deyil. Bu haqda dünən axşam bir neçə saytda da məlumat dərc olunub.

- Belə bir xəbər yayılmışdı ki, Rasim Əliyevi döyən şəxslərdən biri də sən olmusan.

- Yalandı. Jurnalist döyüləndə Tovuzda olmuşam. Hadisədən də mətbuat vasitəsi ilə xəbər tutmuşam. Sadəcə, Rasimə xəsarət yetirənlərdən biri olan Camalla hadisədən sonra “Whatsapp” vasitəsilə danışığımız olub. Məhz həmin danışığa görə çağırılmışdım.

- Akif, sirr deyilsə, Camalla nə barədə söhbət etmişdiniz?

- Hadisə barədə. İstintaqın gedişinə təsir göstərə biləcəyinə görə başqa heç nə deyə bilmərəm.

- Camal dostundur?

- Yaxın münasibətimiz var. “Xəzər Lənkəran” və “Turan Tovuz”da bir yerdə oynamışıq.Tez-tez əlaqə saxlayırdıq.

- Onun hərəkəti barəsində nə deyə bilərsən ?

- Səhv ediblər. Başqa nə deyə bilərəm ki ?

 

 “Het-Trik News” qəzeti


Xəbər xətti