Çalada batan "NeftÇALA"

01:06 26 Avqust 2015

Birinci divizionda bir klub var - "Neftçala". Adına aldanmayın, "Neftçala" ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Yarandığı gündən Bakını təmsil edir. Elə Neftçala da "Neftçala"nı qəbul eləmir. Haqlıdırlar. Adı "Neftçala"dırsa, Neftçalada yerləşməli, ev oyunlarını orada keçirməlidir, həmin bölgəni təmsil etməlidir. 

 

Klubun prezidenti Famil Səfiyevdi. Baş məşqçisi isə Kamal Quliyev. O Kamal Quliyev ki, bu yaxınlarda mətbuata yenə gülməli, bir o qədər də ağlamalı müsahibə verib. Deyib ki, gələn mövsümdə də əsas məqsədləri çempion olmaqdır. Premyer Liqaya çıxa bilmədikdən sonra birinci divizionda birinci olmağın nə mənası var, Kamal müəllim? Bir komandanın qarşısına çempionluq hədəfi qoyması təqdirəlayiq haldı. Amma oyuncaq klubun baş məşqçisinin belə pafoslu danışmasına sadəcə, ehtiyac yoxdur. Niyə? Çünki "Neftçala" elə bir çaladadır ki, nə qədər çabalasa da, çıxa bilmir. Bəlkə heç çıxa da bilməyəcək. Çünki SOCAR-dan maliyyələşir və AFFA-nın sözü ilə oturub-durur. Belə olmasaydı, çempion olduğu halda elitaya buraxılmamasını belə rahat həzm eləməzdi. Haqqını tələb edərdi.

 

Hər il eyni ssenari təkrar olunur. "Neftçala" kimi Socar-dan qidalanan klub çempion olur, amma Premyer Liqaya buraxmırlar. Bunu vaxtı ilə "Abşeron" və "Ağsu"nun da timsalında gördük. Səbəb kimi isə klubların lisenziya ala bilməməsini, şərtləri yerinə yetirməməsini göstərirlər. Lap deyək ki, "Neftçala"nın yüksək dəstəyə çıxa bilməməsinin səbəbi lisenziyadı. Niyə bu problem aradan qaldırılmır? Bu ilin fevralında klubun Neftçalada müasir baza və stadionunun olacağı haqda xəbər yayıldı. Hətta rayonda yeni Olimpiya İdman Mərkəzinin tikintisinə start verildiyi yazıldı. Amma hələ də ortada bir şey yoxdu. Deməli, özləri də maraqlı deyillər. Bəs onda kluba bu qədər maliyyə ayırıb, mövsümöncəsi ölkə xaricində təlim-məşq toplanışları keçirilməsinə, yeni oyunçular alınmasına nə ad verək? Deməli, ortada başqa oyunlar dönür. "Neftçala" isə ayıbına kor olmaqdansa, özünü və olmayan azarkeşlərini aldatmaqda davam edir.


Digər xəbərlər

Xəbər xətti