Ermin Zets: "Afinaya psixoloji cəhətdən hazır gəlmişik" - MÜSAHİBƏ

14:50 27 Avqust 2015

“Qəbələ”nin bosniyalı hücunçusu Ermin Zetsin müsahibəsi

 

- UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Panatinaikos”la cavab matçına çıxacaqsınız. Bu oyundan nə gözləmək olar?

- Bilirik ki, çox çətin oyun olacaq. Amma ürəkdən inanıram ki, mərhələ adlayan tərəf biz olacağıq. Səfərdə oynamağımıza baxmayaraq, qalib gəlməyə çalışacağıq. Bunu bacaracaq gücdə olduğumuzu düşünürəm.

 

- “Panatinaikos” ötən həftəsonu çempionat matçına çıxdı və qələbə qazandı. Yəqin ki, siz də həmin görüşü izləmisiniz. Rəqib barədə nə deyə bilərsiniz?

- “Panatinaikos” böyük komandadı, yaxşı futbolçuları var. Amma biz də öz gücümüzə inanırıq. Güclü oyunçulara malikik. Fikrimcə, “Panatinaikos”la başabaş mübarizə apara bilərik. Yəni onlara layiqli rəqibik.

 

- Yunan azarkeşlər çılğınlıqları ilə seçilirlər. Rəqiblə yanaşı, azarkeş təzyiqi də olacaq. Buna hazırsınızmı?

- Bəli, rəqibin azarkeşləri çox çılğındılar. Komandalarını bu cür dəstəkləyir, rəqib üzərində təzyiq yaradırlar. Ancaq biz də burda ola biləcək hər şeyə hazırıq. Yəni psixoloji cəhətdən hazır gəlmişik.

 

- “Qəbələ”yə mövsümlərarası fasilədə keçmisiniz. Kluba, ümumiyyətlə, Azərbaycana artıq tam uyğunlaşmısınız?

- Azərbaycanda olmaqdan məmnunam. Bu ölkədə və “Qəbələ”də özümü çox yaxşı hiss edirəm. Çempionatda hələ ki, bir oyunda əsas heyətdə çıxış etmişəm. Düşünürəm ki, oynadıqca daha da “artıracam” və əvvəlki formamı bərpa edəcəm.

 

- Azərbaycan çempionatının səviyyəsini gözlədiyiniz kimi gördünüz?

- Düzü, əvvəllər burda heç bir oyuna baxmamışam. Etiraf edim ki, futbolunuz barədə məlumatsız idim. Amma yavaş-yavaş öyrəşirəm. Deməliyəm ki, çempionatınızın səviyyəsi və futbolçuların mübarizəsi xoşuma gəlir.

 

- Yenidən Bosniya və Herseqovina yığmasına dəvət almısınız. Deyəsən, “Qəbələ”yə keçmək sizə yarayıb...

- Bilirsiniz, “Qəbələ” göz önündə olan komandadı. Bu mövsüm Avropa Liqasında 3 mərhələ adlayıb, pley-offa qədər irəliləyib. Yığma məşqçilərinin bu komandanı diqqətdə saxlaması normal haldı. Milliyə dəvət aldığım üçün çox sevindim. Təbii ki, bunda “Qəbələ” amilinin rolu böyükdü. Çalışacam həm klubumda, həm də yığmada bacardığım qədər yaxşı çıxış edim ki, müntəzəm dəvət ala bilim. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti