Millimizin üzvlərindən ölkə başçısına ŞİKAYƏT

16:40 31 Avqust 2015

Cüdo üzrə gənclər millimizin üzvləri onlara yaradılan şərait və göstərilən diqqətdən narazıdırlar. Cüdoçular etiraz əlaməti olaraq, avqustun 17-də etiraz aksiyası da keçirmişdilər. Buna səbəb cüdoçulara əziyyətlərinin qarşılığında lazımı diqqətin ayrılmaması idi. Bundan əlavə, cüdoçular beynəlxalq yarışlarda iştirak etmək üçün heç bir dəstək görmədiklərini də bildirirdilər.

 

Sportal.az xəbər verir ki, aksiya keçirən cüdoçular bildirmişdilər ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqları söylənilib. Onlara "Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyə cavab verilib. Buna etiraz edən cüdoçular lazımi tədbirlər görülməyəcəyi təqdirdə, ölkə başçısına müraciət edəcəklərini açıqlamışdılar.

 

Cüdoçular etirazlarına cavab verilmədiyindən Prezident İlham Əliyevə müraciət ediblər

 

Ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

 

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

 

Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.

 

Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. (Musavat.com)


Digər xəbərlər

Xəbər xətti