"Bu, mənimlə Prosineçki arasındakı qarşılaşma deyil" - Niko Kovaç

14:04 2 Sentyabr 2015

"Səfər matçı bu komandalar arasında Osiyekdə keçirilmiş oyundan tam fərqli olacaq. Robert Prosineçki komandasında demək olar ki, hər şeyi dəyişib. Azərbaycan yığması indi daha güclüdür. Bizi 30-35 dərəcə isti havada çətin oyun gözləyir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib. Gənc mütəxəssis AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb:

 

"Azərbaycanın iki klubunun eyni vaxtda Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi də onlarda müsbət tendensiyanın formalaşmasından xəbər verir. Amma biz də optimistliyimizi itirmirik və qələbəyə ümid edirik".

 

Kovaç heyətdəki zədəli futbolçularla bağlı narahatlığını da gizlətməyib: "Deyan Lovren ağrılardan şikayətlənir. Amma onun meydana çıxacağına ümid edirəm. Əslində məni narahat edən başqa bir məqam var. Heyətimizdə yaxşı oyunçuların sayı yetərincədir. Bu üzdən də mənə daha yaxşı formada olan futbolçular arasında düzgün seçim etmək lazımdır".

 

Xorvatiya yığması avqustun 30-da bir araya gəlsə də, Kovaç hazırlıq üçün bu vaxtın yetərli olacağını deyib: "Toplanışın ilk günündən etibarən hər gün məşq edirik. Həmçinin bizi Bakıda da son məşq gözləyir".

 

Xorvatiyalı mütəxəssis həmyerlisi Robert Prosineçki ilə görüşə də toxunub: "Bu, mənimlə Prosineçki arasındakı qarşılaşma deyil. Mən bu görüşə fərqli aspektdən yanaşıram. Bizi qarşıda iki çətin oyun gözləyir. Bu oyunlarda mütləq xal qazanmağa çalışmalıyıq ki, sonda Fransaya yollanaq".


Xəbər xətti