"Xaqani Məmmədov hansı üzlə mənə mane ola bilər?" - Anar Salmanov

16:42 2 Sentyabr 2015

Sabiq FİFA referisi Anar Salmanov onun hakimlərin məşqinə buraxılmaması haqda yayılan məlumatlara aydınlıq gətirib. Sportarena.az xəbər verir ki, xeyli müddətdir meydanlardan uzaq düşən Salmanov məsələylə bağlı bunları deyib:

 

"Azərbaycanda rəhmətlik Tofiq Bəhramov yeganə hakimdir ki, onun adına stadion var. Şükürlər olsun, Xəqani Məmmədovun adına stadion yoxdur. Onun nə ixtiyarı var ki, məni Bayıl stadionuna, hakimlərlə birlikdə məşq etməyə buraxmasın? Mən hər gün həmkarlarımla birlikdə məşq edirəm. Onların arasında yetərincə mənə dəyər verən insanlar var, mən də həmkarlarımın hər birinə yüksək dəyər verirəm. Əksər gənc hakimlərimiz mənə "müəllim" deyə müraciət edir. Azərbaycan çempionatının oyunlarında idarəçiliyimə imkan verilməsə də, məşq etməyimin qarşısını heç kim ala bilməz. Həkimlərin məsləhətiylə zədə səbəbindən bir müddət məşqlərə ara verdim. İndi hər şey qaydasındadır. Xaqani Məmmədovun mənim məşqlərimə əngəl törətməyə heç bir səlahiyyəti yoxdur. Bu insanı mən ciddi əhəmiyyətli fiqur kimi qəbul etmirəm. Xaqani Məmmədov həmin adam deyilmi ki, 3-4 dəfə hakimlikdən qovulub? 2001-ci ildə Azərbaycan onun üzündən futbolsuz qalmamışdımı? O, hansı üzlə mənim hakimlərlə birlikdə məşq etməyimə mane ola bilər? Anar Salmanovun haqqı tapdanıb və mən öz hüquqlarımın bərpası üçün sona qədər mübarizə aparacağam. Bir gün mütləq hakimliyə qayıdacağıma inanıram. Buna görə də səylə məşqlərimə, hazırlıqlarıma davam edirəm".

 

Xatırladaq ki, bir-neçə gün bundan əvvəl Rekord.az saytı Salmanovun "Bayıl Arena"da məşq edən hakimlərə qoşulmasına imkan verilmədiyi haqda xəbər yayıb. (sport7.az)


Xəbər xətti