Azərbaycan gimnastikasına qarşı növbəti haqsızlıq

16:22 7 Sentyabr 2015

Son illər azərbaycanlı gimnastların və ölkənin Gimnastika Federasiyasının uğurları bir çoxlarını narahat edir. Azərbaycan idmançıları dəfələrlə qeyri-obyektiv hakimliklə qarşılaşıblar. Sportarena.az trend-ə istinadən xəbər verir ki, növbəti haqsızlıq Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Çempionatından öncə azərbaycanlı hakim Natalya Bulanovanı 6 ay müddətinə oyunlardan uzaqlaşdıran Beynəlxalq Gimnastika Federasiyasının İntizam Komissiyası tərəfindən edilib.

 

2015-ci il sentyabrın 4-ü Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında dərc olunan məlumata əsasən, bu təşkilatın İntizam Komissiyası Azərbaycanın Bədii gimnastika üzrə hakimi Natalya Bulanovaya qarşı sanksiya tətbiq edib. Sanksiyaya əsasən, N.Bulanova növbəti 6 ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilməyəcək. Daha ətraflı məlumat almaq və əlbəttə, məsələ ilə bağlı hakimin fikirlərini öyrənmək üçün N.Bulanova ilə əlaqə saxladıq.

 

Məlum oldu ki, N.Bulanova Ştutqartdadır. Ertəsi gün bu şəhərdə bədii gimnastika üzrə Dünya Çempionatının yarışları başlayacaq.

 

Beynəlxaq Gimnastika Federasiyasının İntizam Komissiyasının sanksiya tətbiq etdiyi Bədii gimnastika üzrə azərbaycanlı hakim Natalya Bulanova ilə müsahibəsi.

 

- İndi Ştutqartdasınız. Beynəlxalq Gimnastika Federasiyasının yaydığı məlumata əsasən, Sizin orada olmaq hüququnuz yoxdur.

- Bəli, haqlısınız. Burada turist kimi qalmışam və yarışları tamaşaçı tribunalarından izləyə bilirəm. Bu qərardan nümayəndə heyətinin Ştutqarta rəsmi səfərindən bir gün əvvəl xəbərim olub. Səfərimlə bağlı bütün təşkilati məsələlər çoxdan həll olunduğundan, nəyisə dəyişmək çox gec idi və mən Ştutqarta gəldim.

 

- Qərarın yarışlardan əvvəl, rəsmi səfərinizdən bir gün öncə verilməsi Sizə qəribə gəlmirmi?

- Bu Dünya Çempionatında 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar oynanılır. Belə yarışların əhəmiyyətini, iştirak edən idmançıların və onların təmsil etdiyi Federasiyaların bu oyunlara necə hazırlaşdığını özünüz başa düşürsünüz. Əlbəttə, yarışlara bir ay qalmış mənə və daha 4 ölkəni təmsil edən hakimlərə qarşı intizam prosedurunun açılması və 2014-cü il Dünya Çempionatı zamanı qərəzli hakimliklə ittiham olunmağımızla bağlı məlumat qəribə səslənir. Artıq 12 ildir ki, beynəlxalq kateqoriyalı hakiməm. Peşəkar vəzifələrimi yerinə yetirən zaman heç vaxt emosiyalarıma əsaslanmamışam ki, bu da qərəzli münasibətə səbəb olsun.

 

- Belə bir vəziyyətdə hansı hisslər keçirirsiniz?

- Bu qərarın ədalətsiz olduğunu hesab edirəm. İlk dəfə qərəzli münasibətdə ittiham olunan və 12 il davam edən hakimlik fəaliyyəti ərzində bir dəfə səhv buraxan hakim nəinki hakimlikdən, həmçinin 6 ay ərzində məşqçi və rəsmi şəxs kimi oyunlardan uzaqlaşdırıla bilməz. Düşünürəm ki, hamı mənimlə razılaşar. Çünki belə bir münasibət yalnız mənə qarşı sərgilənir. Belə ki, digər 3 hakim xəbərdarlıq alıb, biri isə 3 ay müddətinə yarışlardan uzaqlaşdırılıb. Halbuki intizam məsələsinin açılışı ilə bağlı xəbərdarlıq sənədlərinə əsasən, onlara qarşı irəli sürülən ittihamlar mənə qarşı irəli sürülən ittihamdan daha ciddi məsələlərdir. Artıq uzun illərdir ətrafımda baş verənləri dərk edən insan kimi çox şeyi başa düşürəm və onları izah etmək iqtidarındayam. Ancaq hazırda bunu etmək niyyətində deyiləm. Hər şeyin öz yeri və zamanı var.

 

- Bu qərarla bağlı planlarınız nədən ibarətdir?

- Əlbəttə, yaranmış haqsız vəziyyətdə qəbul edilmiş qərarla bağlı Beynəlxalq Gimnastika Federasiyasının Apelyasiya Tribunalına apelyasiya şikayəti edəcəyəm və ümid edirəm ki, bu dəfə şikayətimlə bağlı ədalətli qərar çıxarılacaq.


Xəbər xətti