"Hakimlər məni bürünc medaldan məhrum etdilər" - Elvin Mürsəliyev

13:32 8 Sentyabr 2015

"Lisenziya xarakterli yarış olduğundan, 6 görüş keçirdim. Əvvəllər isə 5 görüş olurdu. Yorğunluq var idi. Amma lisenziya ilə yanaşı, bürünc medal qazanmağı unutmuşdum".

 

Sportarena.az xəbər verir ki, bunu ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatında 75 kq çəki dərəcəsində 5-ci yeri tutaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan yunan-Roma güləşçisi Elvin Mürsəliyev deyib.

 

O bildirib ki, medal qazanmaq müəyyən çətinliklər üzündən qismət olmasa da, çəkdiyi əziyyətin bəhrəsini görərək, lisenziyanın öhdəsindən gəlməyi bacarıb. Mürsəliyev medalsız qalmasında hakimlərin də səhvlərini qabardıb: "Lisenziyanı təmin etdikdən sonra medal üçün güləşirdim. Hakimlər qeyri-obyektiv qərarlarla məni bürünc medaldan məhrum etdilər. Bürünc medal uğrunda görüşdə almacıq sümüyüm şişdi. Rəqibim bilərəkdən kəllə vururdu ki, məni əsəbiləşdirsin, zədəm olduğu üçün mənə mane olsun. Təkəbbürlük olmasın, lisenziya qazandıqdan sonra yarımfinal haqda düşünmədim. Ayılandan sonra gördüm ki, bürünc medal üçün güləşəcəyəm. Bütün fikrimi cəmlədim ki, həmin medalı qazanım. Amma qismət olmadı".

 

Dünya 3-cülüyündən məhrum olan güləşçi "Rio-2016"dakı iddiasından söz açıb: "Söz verirəm ki, Olimpiya Oyunlarında "Bakı 2015" I Avropa Oyunlarındakı uğurumu təkrarlayacağam".

 

Qeyd edək ki, Elvin Mürsəliyev "Bakı 2015"in qalibi olub.


Digər xəbərlər

Xəbər xətti