Stadnik "qızıl"ın bir addımlığında uduzdu

12:14 10 Sentyabr 2015

Amerika Birləşmiş Ştatlarında 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, dünya çempionatının 3-cü yarış günündə yunan-Roma güləşçimiz Saman Təhmasibi (85 kq), qadın güləşçilərimiz Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) 2016-cı il Rio Olimpiadasına vəsiqə üçün mübarizə aparıb.

 

85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi dünya çempionatının bürünc medalını qazanıb. O, son görüşdə macarıstanlı Viktor Lorinczə qalib gəlib.

 

Qadın güləşçilərin yarışında 48 kq-da təmsilçimiz Mariya Stadnik finala qədər inamla irəliləyib. Finalda güləşçimiz Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşıb. Görüşün sonuna qədər hesabda öndə olan Mariya son saniyələrdə qələbəni əldən verib və dünya çempionatının gümüş medalına sahib olub.

 

53 kq çəkidə mübarizə aparan Avropa Oyunlarının qalibi Anjela Doroqan 1/4 finalda 3 qat Olimpiya və 11 qat Dünya çempionu Saori Yoşida ilə görüşdə uduzsa da, təsəlliverici görüşə qatılıb və vyetnamlı rəqibini üstələyərək həm bürünc medal şansı, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Medal uğrunda son görüşdə güləşçimiz Cənubi Koreya güləşçisi M.Jonga məğlub olub.

 

Beləliklə, Mariya Stadnik və Saman Təhmasibidən sonra Anjela Doroqan da Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

 

Daha əvvəl isə güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.


Xəbər xətti