İki boksçumuz yarımfinalda

13:04 10 Sentyabr 2015

Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Sportarena.az xəbər verir ki, mili komandamızın iki üzvü – Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) 1/4 finalda qalib gələrək, ən azı bürünc medalı özlərinə təmin ediblər.

 

Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz yarımfinalda Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndəsi Mark Kastro ilə qarşılaşacaq.

 

Məhəmməd Abdullayev ¼ finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək.

 

Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizədə cüzi üstünlüklə Kuba boksçusu qələbə qazanıb – 2:1.

 

Sayad Lalayev də (63 kq) ¼ finalda uduzaraq, mükafatçılar sırasına düşmək şansını itirib. Seçməmizin üzvü Qazaxıstan idmançısı Aibol Jambirbaya məğlub olub.

 

Xatırladaq ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq.


Xəbər xətti