DÇ-da uğur qazanan sərbəst güləşçilərimiz vətənə qayıtdı - FOTOLAR

Sportarena.az      16 Sentyabr 2018, 12:19

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə yığma komandamız və nümayəndə heyəti Vətənə qayıdıb. Sportarena.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, idmançıların qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar.

 

Qeyd edək ki, sərbəst güləşçilərdən 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl, 125 kq-da Cəmaləddin Məhəmmov gümüş, 97 kq-da isə Xetaq Qazyumov bürünc medala yiyələnib. Hacı Əliyev həm də dünya çempionatlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşüb.

 

AGF-nin baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın dünya çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edib: “Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Əlbəttə, bütün bu uğurlarımız təsadüfi deyil. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim idmana, həmçinin güləşə böyük diqqət ayırır. İdmançılarımız da bu qayğı sayəsində beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış edirlər. Ümumilikdə komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya oyunlarına 11 lisenziya qazanıblar.

 

Baş katib qeyd edib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərova qarşı hakimlər tərəfindən haqsızlıq edildi: "Dünya çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində “təmiz” qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Amma nə etmək olar. Bu idmandır, belə hallar olur. Las Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq”.

 

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin dünya çempionatında uğurlu çıxışları ilə bağlı xalqımızı təbrik edib: “Qazandığımız nəticə böyük uğurdur. Bütün idmansevərlərimizi, başda ölkə başçısı cənab İlham Əliyev olmaqla, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Dünya çempionatında 11 lisenziya qazandıq. Onların sayını maksimuma çatdırmaq üçün qarşıda daha 3 turnir olacaq. Yaxşı hazırlaşmalıyıq. Əlbəttə, lizensiya qazandığımız çəkilərdə boşluqlar yaranmamalıdır. Hamı öz üzərində işləməlidir. Çünki 2016-cı ildə bizi Rio Olimpiadası gözləyir. Orada dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirməliyik”.

 

İkiqat dünya çempionu Hacı Əliyev də sevincini bölüşüb: “İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığımıza görə çox şadam. Çalışacağam ki, üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və dünya çempionuyam, çalışacağam ki, Olimpiya çempionu olum”.

 

Xatırladaq ki, dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin