Prosineçki: "Azərbaycanda istedadlı futbolçular çoxdur sadəcə..."

14:48 19 Sentyabr 2015

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Yunanıstan mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, PAOK-dakı həmyerlisi haqda danışan xorvatiyalı mütəxəssis oyunçu karyerasını bitirdikdən sonra futbolda qalmağın gözəl olduğunu bildirib:
"İqor Tudorla Xorvatiya yığmasında birgə oynamışıq. Hazırda isə o, PAOK-un baş məşqçisidir. Bakıya "Qəbələ" ilə oyun üçün gəldikləri müddətdə Tudoru ziyarət etdim. Onun parlaq məşqçi karyerası olacağını düşünürəm. Eyni zamanda ümid edirəm ki, Tudor PAOK-da böyük işlər görəcək. Futbol oynamaq asandır. Ancaq karyeranı bitirdikdən sonra məşqçi və ya digər vəzifənin sahibi kimi futbolda qalmaq gözəldir. Əgər bunu bacarsan, mükəmməl olar. Düşünürəm ki, Tudor da mənimlə razılaşar. Biz ikimiz də peşəkar futbolçular olmuşuq. Lakin hazırda hər ikimiz baş məşqçi kimi fəaliyyət göstəririk. Tudor PAOK-da, mən də Azərbaycan millisində çalışıram. Çox yaxşı işim var. Düşünürəm ki, Tudor da Xorvatiyanın ən yaxşı gənc məşqçilərindən biridir".

Millimiz barədə də danışan Prosineçki bunları deyib: "Hazırda Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayır. Bu, Azərbaycan kimi ölkə üçün yaxşı haldır. Azərbaycan millisi oyundan-oyuna daha yaxşı çıxış edir. Biz seçmə mərhələnin son 4 matçında - Norveç, Xorvatiya və Malta ilə oyunlarda uduzmamışıq. Azərbaycanda istedadlı futbolçular çoxdur. Sadəcə, daha çox çalışmaq lazımdır".


Digər xəbərlər

Xəbər xətti