Birinci cəhddən ilk "üçlüy"ə

14:46 22 Sentyabr 2015

7-12 sentyabr aralığında Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə böyüklər arasında növbəti Dünya çempionatı keçirilib. Sportarena.az xəbər verir ki, bu çempionatı digərlərindən fərqləndirən ən mühüm cəhət yarışda 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqələrin qazanılması idi.

 

Azərbaycan güləş yığmaları çempionatda ümumilikdə 23 idmançı ilə təmsil olundu. Güləşçilərimiz Rio Olimpiadasında iştirak üçün mümkün 18 vəsiqədən 11-ni elə ilk cəhddə qazanaraq öz qələbə ənənələrini davam etdirdi. Dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

 

Qazanılan Olimpiya vəsiqələrinin ümumi sayına görə, Azərbaycan yalnız Rusiyadan (12 vəsiqə) geri qalıb. Ayrı-ayrı növlər üzrə çempionatın yekunlarına nəzər salsaq görərik ki, hər üç güləş yığmamız Rio Olimpiadasına əldə etdiyi vəsiqələrin sayına görə ilk üçlükdə qərarlaşıb.

 

Belə ki, çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşi üzrə yığmamız Olimpiadaya 4 çəkidə vəsiqə qazanaraq Rusiya ilə ilk sıranı bölüşüb. Güləşçilərimiz 59, 75, 85 və 130 kq çəki dərəcələrində fərqlənib. Sonrakı yerləri tutan İran və Ukrayna yığmaları isə, hərəyə 3 vəsiqə əldə edə bilib.

 

Rio Olimpiadasına qazanılan digər 4 vəsiqə sərbəst güləşçilərimizin payına düşüb. 65, 86, 97 və 125 kq çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanan sərbəst güləş yığmamız lisenziya sayına görə, Rusiya (6) və İrandan (5) sonra üçüncü sırada qərarlaşıb. Gürcüstan və Monqolustan yığmaları da hərəyə 4 vəsiqə qazanıb.

 

Qadın güləşçilərimiz isə, bu mundialda Olimpiadaya 6 mümkün vəsiqədən 3-nü təmin edib. 48, 53 və 58 kq-da Olimpiya vəsiqəsi əldə edən yığmamız yalnız Yaponiya (5 vəsiqə) və Çindən (4 vəsiqə) geri qalıb. İsveç qadın yığması da Olimpiya Oyunlarına 3 vəsiqə qazanıb.

 

İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.

 

5-21 avqust 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləşçilər 57, 65, 74, 86, 97, 125 kq-da, Yunan-Roma güləşçiləri 59, 66, 75, 85, 98, 130 kq-da, qadın güləşçilər isə, 48, 53, 58, 63, 69, 75 kq çəki dərəcələrində mübarizə aparacaq.

 

Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandaları indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.


Digər xəbərlər

Xəbər xətti