"Potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir" - Elman Rüstəmov

17:59 23 Sentyabr 2015

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Sportarena.az xəbər verir ki, federasiya rəhbəri 1/4 finalda mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb.

 

O bildirib ki, mütəmadi olaraq Dünya Kubokunda nəticələrlə bağlı məlumat alır: “Bu gün 1/4 finala gəlməkdə əsas məqsəd şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindi. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindi".

 

1/4 finalda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. Federasiya rəhbəri şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini bildirdi: "Şəhriyarın xarakterini bilirik, ona görə şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir. Şahmatda proqnoz vermək çətindi, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

 

Elman Rüstəmov bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirdi: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz, qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarışın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".


Digər xəbərlər

Xəbər xətti