"Baku Yunayted" UEFA Kubokuna hazırlaşır

15:41 29 Sentyabr 2015

İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” Futzal Klubu UEFA Futzal kubokunun əsas mərhələsinə hazırlıqlarını davam etdirir. Sportarena.az xəbər verir ki, İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adı çəkilən ölkəni Avropada təmsil edəcək.

 

“Baku United” elit raunduna çıxmaq uğrunda F qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.

 

Hazırda “Baku United” yenidən strukturlaşdırılma mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadır.

 

Klubun İctimaiyyətlə əlaqələr üzrə direktoru Elşən İsmayılov bununla bağlı fikirlərini bildirib: "Məlum olduğu kimi, Azərbaycan bu mövsümdə UEFA Kubokunda təmsil olunmayıb. Təbii ki, bu, müvəqqəti bir çətinlikdir. Amma əminik ki, azərbaycanlı futzal həvəskarları Avropada “Baku United”ə azarkeşlik edəcək. Doğma Bakımızın adını daşıyan komandamız əsasən gənclərdən ibarət olsa da, bu adı yüksəklərə daşımağa çalışacaq. Hazırda klubumuzun birinci komandasında müəyyən çətinliklər olsa da, biz yenə həm Avropada, həm də İngiltərədə iddiamızı saxlamaqdayıq”.


Xəbər xətti