Hafiz Məmmədov region prezidenti ilə görüşdü : "Lans"da hər şey düzələcək

23:53 7 Oktyabr 2015

Fransanın Nor-Pas-de-Kale regionunun prezidenti Daniel Perçeron bu həftənin əvvəlində Bakıda azərbaycanlı oliqarx, “Lans” klubunun majoritar səhmdarı Hafiz Məmmədovla görüşdüyünü açıqlayıb (“Lans” bu regionun klubudur-red.).
 
Sportarena.az  xəbər verir ki, D.Parçeron bu haqda yerli “France Bleu Nord” nəşrinə müsahibəsində deyib. O bildirib ki, görüşdə Fransanın Bakıdakı səfiri Paskal Menye (səlahiyyət müddəti başa çatmaq üzrədir) və “Lans”ın keçmiş baş meneceri Ksavye Tuilot da iştirak ediblər.
 
D.Perçeron deyib ki, Hafiz Məmmədovla görüşdə biznesmen oktyabr ayından maliyyə vəziyyətinin düzəlməyə başlayacağını və “Lans” klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirəcəyini deyib.
 
Məmmədov fransalı qubernatora bildirib ki, il ərzində onun maliyyə vəziyyəti mürəkkəb olaraq qalıb. Lakin oliqarx tezliklə dondurulmuş aktivlərinə çıxış imkanlarını geri qaytaracağını və borclarını ödəmək iqtidarında olacağını, o cümlədən “Lans”ın yüksək liqaya qayıtmasına kömək edəcəyini bildirib. Görüşdə biznesmenin hazırda tam siyasi və maliyyə reabilitasiyasının getdiyindən bəhs olunub.
 
Xatırladaq ki, Hafiz Məmmədov 2014-cü ildə “Lans”ın səhmlərini alandan sonra Fransada sürətlə məşhurlaşıb. Əvvəlcə bu məşhurlaşma azərbaycanlı zəngin oliqarxın Fransanın futbol klubunu dirçəlmək vədləri ilə müşayiət olunurdusa, daha sonra Məmmədovun biznesi böhranla üzləşdi və nəticədə o, klubun büdcəsinə vəd olunan maliyyəni verə bilmədi.
 
Bu da azərbaycanlı oliqarxın Fransa idman mediasının və futbol azarkeşlərinin tənqidlərinə hədəf olması ilə nəticələndi.(virtualaz.org)


Digər xəbərlər

Xəbər xətti