"Samir Abasov mənə hazır komanda verib" - İlham Yadullayev

19:22 9 Oktyabr 2015

"İlk növbədə "Sumqayıt" klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdır ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki, artıq baş məşqçi olacağam deyə bütün suallar mənə ünvanlanacaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın əvəzedici komandasının yeni baş məşqçisi İlham Yadullayev deyib. Təyinatı ilə bağlı klubun rəsmi saytına danışan gənc mütəxəssis məşqçilər korpusunda yer alacaq köməkçilərinin kimliyinə də aydınlıq gətirib:

 

"Açığı, işimin çətin olacağını bilirəm. Samir Abasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Lider komandada nəisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt" Futbol Klubunun akademiyası ilə sıx iş birliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdir və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəyəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".

 

Qeyd edək ki, əvəzedici komandanın sabiq çalışdırıcısı Samir Abasov Aqil Məmmədovun istefasından sonra əsas komandanın baş məşqçi vəzifəsinə gətirilib.


Digər xəbərlər

Xəbər xətti