"Maradona": "Qarabağ"a azarkeşlik edirəm" - Müsahibə

00:25 14 Oktyabr 2015

“Het trik news" zaman-zaman uşaq futboluna, uşaq futbolunun problemlərinə, azyaşlı futbolçular arasında xüsusi istedadı ilə seçilənlərə geniş yer ayırmağa çalışır. Bu günə qədər dəfələrlə böyük potensial vəd edən azyaşlı uşaqları tapıb onlardan müsahibələr götürmüşük. Həmin uşaqlar arasında ölkə xaricində doğulan, orada məktəb keçən həmyerlilərimiz də olub. İndi sizə haqqında bəhs edəcəyimiz uşaq da onlardan biridir. 
 
Sportarena.az xəbər verir ki, “Sabahın ulduzlarını bu gün tanıyaq" rubrikasının bu dəfəki qonağı Nazim Hüseynovdu. Nazim Sumqayıtda doğulub. Ancaq futbolda ilk addımlarını Türkiyədə atıb, məşhur “Qalatasaray"ın Futbol Akademiyasında futbolin ilk sirlərini öyrənib. Yaxınlarda ailəsi Azərbaycana qayıtdığı üçün burada özünə klub tapmalı olub, “Sumqayıt"ı seçib. Hazırda bu klubun Futbol Akademiyasında məşq edən Nazim həm də “Sumqayıt"ın U-9 komandasının futbolçusudur. İstedadlı olduğunu öyrənib ondan yazı hazırlamaq fikrinə düşdük. Bu məqsədlə “Kapital Bank Arena"ya yollandıq. Futbolçunun babası Rəşid Əmraslanoğlu da nəvəsinin məşqini izləməyə gəlmişdi.
 
Məşqdən sonra “Sumqayıt" Futbol Akademiyasının, o cümlədən “Sumqayıt"ın U-9 komandasının məşqçisi Orxan Abdullayevin də köməkliyi ilə azyaşlı futbolçu ilə söhbət etdik. Uşaq hansısa məqamda çətinlik çəkəndə söhbətə babası müdaxilə edirdi. Ona görə də yazının gedişində babanın da fikirlərinə yer verəcəyik.
 
 
- Nazim, istəyirik ki, əvvəllcə özün haqda ətraflı məlumat verəsən.
- 2007-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Futbolla tanışlığa Bakıda başlamışam. Amma müəllimim kim olub, xatırlamıram. Çünki orada çox az məşq etdim. Daha sonra atamın işi ilə əlaqədar olaraq Türkiyəyə getməli olduq. Futbolla əsas tanışlığım da məhz İstanbulda başladı. Orada məşhur “Qalatasaray" Spor Klubunun Futbol Akademiyasına qəbul olundum və 2 il bu komandada məşq etdim.
 
- Bəs, niyə İstanbulda qalmadınız?
- Atamın işi ilə bağlı ailəliklə Azərbaycana qayıtmalıq olduq. Buna görə mən də “Qalatasaray"dan ayrıldım. İndi “Sumqayıt"da məşq edirəm.
 
- Maraqlıdır, niyə iddiası, imkanı və şəraiti daha yaxşı olan klublar yox, məhz “Sumqayıt"?
- Çünki özüm də sumqayıtlıyam, burda anadan olmuşam. Bundan başqa, atam da anam da sumqayıtlıdılar. Türkiyədən qayıtdıqdan sonra burada yaşamağa başladıq. Düzdür, atam yenə Bakıda çalışır və hər gün paytaxtda işə gedib-gəlir. Amma yaşayış yerimiz Sumqayıtdı. Bunun üçün ailəm belə məsləhət gördü ki, mən də “Sumqayıt"da məşqlərimi davam etdirim.
 
Bu arada, Nazimin məşqçisi Orxan Abdullayev də gənc futbolçunun böyük potensialı olduğunu bildirdi. Nazim U-9 komandasında məşq etsə də, yarışlarda U-10 komandasının heyətində oynayır. Yəni, çempionatda özündən böyüklərlə gücünü sınayır.
 
- Türkiyədə niyə digər İstanbul “nəhəng”lərini deyil, məhz “Qalatasaray"ı seçdin?
- Çünki “Qalatasaray"ı sevirəm və bu klubun azarkeşiyəm.
 
- Orada şərait necə idi?
- Əla. Hər şey yüksək səviyyədə idi. Məşq meydançaları, toplar, stadionlar, qidalanma, qalmaq şəraiti, hamısı əla idi.
 
- Deməli, “Sumqayıt"la arasında xeyli fərq var, düzdür?
Cavab verməkdə çətinlik çəkir və duruxur. Bu zaman söhbətə babası müdaxilə edir. Ora da yaxşıdır, bura da. Sumqayıtlı olduğu üçün buranı da oranın ayağına vermək istəmir (gülür).
 
- “Qalatasaray"ın ulduz futbolçularını görmək imkanınız oldurdu?
- Yox, elə çox imkanımız olmurdu. Bəlkə də görmüşəm, amma yadımda qalmayıb.
Yenə baba söhbətə qarışır: “Bilirsiniz, Nazim Türkiyədə oynayanda 4 yaşı var idi. Uşaq idi və ona görə də çox şeyi yaxşı xatırlaya bilmir.
 
- Ailənizdə səndən başqa futbolu sevən var?
- Atam futbolun fanatıdır. Mənim də futbola gəlməyimin əsas səbəbkarı odur.
Babadan növbəti müdaxilə: “Əslində, biz Nazimin samboçu olmasını istəyirdik. Çünki mənim oğlum, yəni Nazimin dayısı Fərid Yusifov da samboçudur və özü də 4 dəfə müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırıb. İstəyirdik ki, Nazim də onun yolu ilə getsin. Ancaq atasının təkidi ilə futbolu seçdi. Çünki atası futbol “xəstə"sidi.
 
- Nazim, Azərbaycanda hansı klubun azarkeşisən?
- “Qarabağ"a azarkeşlik edirəm. Ümumiyyətlə isə, “Barselona"nın fanatıyam. İdealım da Messidir. Atam özü də “Barselona" azarkeşidir.
 
- Ən böyük arzun nədir?
- Güclü futbolçu olmaq, Azərbaycanı Avropada layiqincə təmsil etmək.
 
 
Söhbət əsnansında məlum oldu ki, Nazimin atasının işi də media ilə bağlıdı. Hazırda ANS ÇM radiosunda reklam şöbəsinin müdiridir. Babası bizimlə söhbətində maraqlı bir məqama toxundu. Hələ Nazim 3 yaşında olanda nənəsi onu “Maradona” deyərək çağırırmış. Rəşid müəllimdən nəvələrini gələcəkdə Avropaya aparmaq fikirlərinin olub-olmadığını da soruşduq. Çünki etiraf edək ki, nə qədər istedadlı olsa da, Azərbaycan reallığında futbolçu kimi inkişaf etmək çox çətindi. Süni meydançalar, uşaq futboluna lazımı diqqət və qayğının olmaması bunu əngəlləyir. Odur ki, bir çox imkanlı valideynlər uşağının ayağı top tutar-tutmaz çalışır ki, onu Avropaya, ən pis halda qonşu Rusiya, Türkiyə və ya Ukraynaya aparıb orda futbol bölmələrinə yazdırsınlar. Rəşid müəllim bildirdi ki, gələcəkdə Nazimin atasının da belə bir fikri var: “Əlbəttə, futbolçu kimi Avropada yetişmək, irəli getmək daha rahatdı. Əslində, Nazimi Azərbaycana gətirmək fikrimiz yox idi. Sadəcə, vəziyyət belə alındı. Şəxsi ailə problemləri olduğu üçün qayıtmağa məcbur idilər. Nəvəm olduğu üçün demirəm, həqiqətən də çox istedadlı uşaqdı. İstedadı olmasa, heç futbola qoymazdıq. Çünki atası çox prinsipial insandı. Görsə ki, oğlunda bu bacarıq yoxdur, dünya dağıla futbola yazdırmzdı. Sualınıza cavab olaraq deyim ki, atasının gələcəkdə işləri qaydasında gedəcəyi halda, Nazimi Almaniyaya aparmaq fikri var. Özünün də bu ölkə ilə əlaqəsi yaxşıdır. Həm də alman futbolu, Almaniyada klubların şəraiti tamam başqadır".
 
 
Anar XANLAROV
“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti