"Qarabağ" haqda film Monakoda II yerə layiq görüldü - VİDEO

11:29 16 Oktyabr 2015

"Qarabağ" qaçqın futbol komandası haqda çəkilmiş Amerika-Azərbaycan istehsalı olan film Monakoda keçirilən film festivalinda II yerə layiq görülüb. Sportarena.az xəbər verir ki, 26-cı dəfə keçirilən ənənəvi Sportel Mükafatları film festivalında Azərbaycan "On Aqqreqeyt" ("Aqreqatda") filmi ilə təmsil olunub.

 

Sülh və İdman nominasiyasında "3-lüy"ə düşən ABŞ-dan olan Tomas Qoltsun filmi qalib olmasa da, ən yaxşı II film kimi seçilib. I yeri isə fransalı rejissor Marion Poyzeaunun çəkdiyi "İntu Ze Si" ("Dənizə doğru") filmi tutub. Bu filmdə İran-Pakistan sərhədində yerləşən Hind Okeanının sahillərində hicablı iranlı qadınların sörfinqlə məşğul olmasından bəhs edilir.

 

Mükafatlandırma mərasimi zamanı Qolts bu sözləri bildirib: "On Aqqreqeyt" filmi Avropanın məşhur müsabiqəsində "3-lüy"ə düşdü. Bu film "Monako" Futbol Klubunun sahibindən tutmuş Fransa Olimpiya Komitəsinin prezidentinə kimi dəstək gördü ki, bu, bizim üçün böyük şərəfdir. Bu hələ başlanğıcdır. Onların dediyi kimi, bu filmin ayaqları var". Daha son filmin icraçı prodüsseri Fidan Bağırova da çıxış edib.

 

Qeyd edək ki, bu festival hər il Knyaz Pyer Qrimaldi Auditoriyasında keçirilir. Təşkilatçılığı isə Monakı knyazı II Albert yerinə yetirir. Bu ilki münsiflər heyətində Fransa reqbi millisinin üzvü Yoann Uje, belçikalı jokey Kristof Sumillon, yüksək tullanmaq üzrə Pekin Olimpiadasının qalibi belçikalı Tia Hellebaut, cüdo üzrə fransalı dünya çempionu Loik Pyetri, "Barselona" və Fransa millisinin sabiq futbolçusu Lüdovik Jüli, kamerunlu ağırçəkili boksçu Karlos Takam, Fransa basketbol millisinin sabiq üzvü Erve Dubuisson, atletika üzrə fransalı dünya çempionu Laci Dukure, fransalı sabiq boksçu Rene Jakvo, sabiq fransalı reqbiçi Daniel Errero, "Monako" klubunun portuqal baş məşqçisi Leonardu Jardim, Belçika millisi, "Bavariya" və "Trabzonspor"un sabiq qapıçısı Jan-Mari Pfaff, sabiq ingilis reqbiçi Dan Luqer, slovakiyalı atıcı Danka Bartekova, fransız atleti Muriel Urtis, fransız motokrossçu Romen Febvr, fransız tennisçi Mikael Lyodra və buz üstdə rəqs üzrə fransalı Avropa çempionu Natali Peşala olub. Ümumi münsiflərin rəhbəri qismində isə peşəkar boks üzrə ağırçəkili 4 qat dünya çempionu amerikalı Evander Holifild iştirak edib. Bundan başqa, "Kanal+" və "Yurosport" kimi məşhur kanalların göstərdiyi müsabiqəyə sabiq ulduz futbolçular - portuqaliyalı Luiş Fiqu və italyan Fabio Kannavaro da xüsusi qonaq qismində dəvət olunublar. (qaynar.info)

 


Digər xəbərlər

Xəbər xətti