Uğurlu start

13:35 19 Oktyabr 2015

Bolqarıstanın Plovdiv şəhərində keçirilən gimnastika üzrə beynəlxalq turnir başa çatıb. Sportarena.az xəbər verir ki, yarışda Azərbaycanı “Ocaq” idman klubunun gənc gimnastları təmsil ediblər.

 

Yarış komandamız üçün uğurlu alınıb. Belə ki, Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış edən qrup hərəkətləri komandası 15 qrup arasında turnirin qalibi olub.

 

Fərdi gimnastlarımız da yarışı medalla başa vurublar. Plovdiv Universitetinin idman zalında təşkil olunan turnirdə ikinci və üçüncü “qızılı” balacalar kateqoriyasına daxil olan Nərmin Bayramova (2005-ci il təvəllüdlü) qazanıb. O, çoxnövçülükdə və topla hərəkətlərdə 1-ci yerə layiq görülüb. Bu yaş qrupunda Kamilla Əliyeva (2006-cı il) da fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, alətsiz çıxışa görə ikinci olub. Ən gənc təmsilçimiz Alina Məmmədova (2007-ci il) isə çoxnövçülükdə 9-cu yerlə kifayətlənib.

 

Yuxarı yaş qrupuna gəlincə, halqa ilə 1-ci yerə, həm fərdi çıxışda, həm də qrup komandasının tərkibində uğurla öz gücünü sınayan Narın Qurbanova (2003-cü il) layiq görülüb. Alətsiz çıxış isə Fəridə Şəfiyarzadəyə (2004-cü il) bürünc medal gətirib.

 

Gənc kateqoriyaya daxil olan gimnast Zöhrə Ağamirova (2001-ci il) ip və halqa ilə hərəkətlərə görə 2 gümüş medal əldə edib. Onun yaşıdı Ayna Cəfərova isə topla çıxışından sonra altıncı olub.

 

“Ocaq” klubunun təmsilçiləri “Ən yüksək artistlik bacarığı” nominasiyasında uğura yiyələnib. Bu mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya (2004-cü il) təqdim olunub. Gimnastımızın çıxışı hakimlər tərəfindən yüksək dəyərləndirilərək, qızıl medalla mükafatlandırılıb.


Digər xəbərlər

Xəbər xətti