FİFA-da seçkilər: namizədlərdən ərizələrin qəbul vaxtı bitir

21:41 26 Oktyabr 2015

Beynəlxalq Futbol Federasiyasının prezidenti postuna namizədlərin ərizələrinin qəbulu oktyabrın 26-da bitir.

Sportarena.az xəbər verir ki, bu günədək Trinidad və Tabaqo yığmasının keçmiş kapitanı Devid Nahid, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Avropa Futbol Assosiasiyaları İttifaqının başçısı Mişel Platini və FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampan öz namizədliyini irəli sürüblər. Həmçinin Asiya Futbol Konfederasiyasının başçısı Salman bin İbrahim əl-Xəlifə, Rusiyanın MOİK klubunun keçmiş məşqçisi braziliyalı Ziko, keçmiş Fransa futbolçusu David Jinola, məşhur argentinalı hücumçu Dieqo Maradona, Liberiya Futbol Assosiasiyasının başçısı Musa Biliti, keçmiş nigeriyalı futbolçu Sequn Odeqbami və Cənubi afrikalı Tokio Seksvale də seçkilərdə iştirak etmək niyyətində olduqlarını bildiriblər.

Təşkilatın yeni prezidenti postuna seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək. Namizədlərin yekun siyahısı isə oktyabrın 26-dan 27-nə keçən gecə formalaşdırılacaq.

Xatırladaq ki, FİFA-nın hazırkı başçısı Yozef Blatter təşkilatın mayın 29-da keçirilən konqresində yenidən növbəti müddətə prezident seçilsə də, dörd gün sonra istefaya getdiyini bəyan edib. Yeni seçkilərə qədər təşkilatın başçısı səlahiyyətlərini Blatterin özü icra etməli idi. Lakin bu yaxınlarda korrupsiya ittihamlarına görə isveçrəlinin 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılması ilə əlaqədar hazırda FİFA-nın prezidenti səlahiyyətlərini təşkilatın vitse-prezidenti İssa Hayatu icra edir.(azərtac)

 


Xəbər xətti