Riçard Almeyda: "Monako"nu Bakıda məğlub etmək olar" - MÜSAHİBƏ

23:17 31 Oktyabr 2015

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın XI turunda AZAL üzərində 2:0 hesablı qələbədən sonra Sportarena.az-ın əməkdaşının suallarını cavablandırıb

 

- Oyun necə keçdi?

- Bilirdik ki,çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Şükürlər olsun ki, rəqibin qapısına yol tapabildik. Önəmli olan 3 xal qazanmaq idi.

 

- Matçın gedişində zədələndin. Hazırda özünü necə hiss edirsən?

- Zədələnməmişəm. Sadəcə, dizimə zərbə aldım. Hazırda hər şey normaldır.

 

- Son oyunlarda “Qarabağ”ın qarışıq heyətlər oynaması Avroliqadakı çıxışınıza mənfi təsir göstərmir?

- Heyətdə yetərincə yaxşı futbolçular var. Ona görə də düşünürəm ki, baş məşqçimiz düzgün seçimlər edərək, komandanı Avropa Liqasının oyunlarına da lazımı səviyyədə çıxaracaq.

 

- Reynaldo ilə çox yaxşı anlaşırsan. Bəs Armenterosla necə?

- 3 ildir Reynaldo ilə birlikdə oynadığımızdan, təbii ki, bir-birimizi daha yaxşı başa düşürük. Armenteros isə bu mövsüm gəlib. Hazırda biz onu, o da bizi öyrənir. Lakin oyundan oyuna bir-birimizi daha yaxşı başa düşüşük.

 

- Komanda oyun üslubu, tempi səni qane edirdmi?

- Hər məşqdə, hər oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. Baş məşqçimiz də bunları görür. Ona görə də futbolçuların bu məsələyə şərh bildirməsi düzgün olmaz.

 

- “Qarabağ”ın ifasında ötənilki sürətli futbolu görmürük. Bu, nə ilə bağlıdır?

- Əvvəlki mövsümlərdə Leroy və Muarem var idi ki, onlarla bir-birimizi artıq başa düşürdük. Bu il yeni futbolçular gəldiyinə görə bir az zamana ehtiyacımız var.

 

- Sözlərindən belə çıxır ki, onların yeri görünür...

- Təbii ki, hər ikisi önəmli futbolçulardı. Ancaq baş məşqçimiz komandaya onların yerini doldura biləcək futbolçular cəlb edib. Mənə elə gəlir ki, vaxt keçdikcə oyunumuz daha da təkmilləşəcək.

 

- Avroliqannın qrup mərhələsində 3 oyununuz qalıb. “Monako” ilə oyunu son şans adlandırmaq olar? Ümumiyyətlə, bu oyun haqda nə düşünürsən?

- Biz bu günə qədər AZAL-la oyun haqda düşünürdük. Bu gündən sonra “Monako” haqda fikirləşəcəyik.

 

- “Monako”nu Bakıda udmaq olarmı?

- Əlbəttə, olar. Həyat mümkünsüz bir şey yoxdu.

 

Vüsal MİRZƏYEV


Xəbər xətti