"Qəbələ"nin FINDIQ boyda görünən böyük problemi

13:07 3 Noyabr 2015

“Qəbələ” – “Qarabağ” 10 avqust 2015. Saat 21:00. Qəbələ şəhər stadionu, 3200 tamaşaçı “Qəbələ” – “Kəpəz” 23 avqust 2015. Saat 21:00. Qəbələ şəhər stadionu, 900 tamaşaçı
“Qəbələ” – “Sumqayıt” 21 sentyabr 2015. Saat 21:00. Qəbələ şəhər stadionu, 2000 tamaşaçı “Qəbələ” – “Xəzər Lənkəran” 4 oktyabr 2015. Saat 21:00. Qəbələ şəhər stadionu, 1500 tamaşaçı “Qəbələ” – “Zirə” 25 oktyabr 2015. Saat 17:00. Qəbələ şəhər stadionu, 1100 tamaşaçı
“Qəbələ” – AZAL 28 oktyabr 2015. Saat 17:00. Qəbələ şəhər stadionu, 1050 tamaşaçı
“Qəbələ” – “Kəpəz” 31 oktyabr 2015. Saat 18:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı

 

Bu, “Qəbələ”nin cari mövsümün əvvəlindən bu günə qədər 7 turda ev oyununa gələn azarkeşlərinin sayıdır. Maraqlıdır ki, 7 tur ərzində sevimli komandalarını dəstəkləmək üçün stadiona təşrif buyuran fanatların ümumi sayı (3200+900+2000+1500+1100+1050+300=10.050) “Xəzər Lənkəran” və “Kəpəz”in 1 turda ev oyununu izləməyə gələn tərəfdarların sayına bərabərdir. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, azarkeş sayı azalan qrafiklə hərəkət edir. Yəni hər keçən tur “Qəbələ”nin ev oyununa daha az adam gəlir.

 

Əyalət təmsilçisi bu problemlə hələ mövsümün əvvəlindən üz-üzə idi. Hətta həmin vaxt klub rəhbərliyi buna görə fındığı “günahlandırmışdı”: “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov "Futbol plus"a açıqlamasında bütün günahı bu “balaca”nın üstünə atmışdı. Həmin fikirləri xatırlayaq: "Qəbələ" azarkeşləri komandanın uğuruna çox sevinir. Bunu onlarla görüşlərdə, söhbətlərdə dəfələrlə görmüşəm. Futbolla nəfəs alan tərəfdarlarımızın sayı çoxdur. Sadəcə, son vaxtlar Qəbələdə fındıq yığımı mövsümüdür. Orta yaş nümayəndələrinin çoxu səhər evdən çıxıb axşam qayıdır. Belə olan halda yorğun olmaları normaldı, onları da qınamaq olmaz. Bu, müvəqqəti xarakter daşıyır".

 

Amma göründüyü kimi, “Qəbələ”nin problemi heç də fındıq boyda deyilmiş. Çünki artıq fındıq yığımı başa çatıb. Nəcəfovun fikirlərinə əsaslansaq, yavaş-yavaş azarkeş sayında artım müşahidə olunmalı idi. Lakin hər şey göründüyü kimi sadədi: oyundan oyuna “Qəbələ”nin oyununa maraq azalır. Əslində bu, sadə olduğu qədər də müəmmalıdır. Çünki “Qəbələ” bu mövsüm tarixində ən böyük və bəlkə də bundan sonra uzun müddət təkrarlaya bilməyəcəyi uğur qazanıb. I təsnifat mərhələsindən Avropa Liqasının qrupuna düşmək hər komandanın bacara biləcəyi iş deyil. Bütün bunların fonunda fanatların öz komandalarından üz döndərməsi doğrudan da təəccüb doğurur.

 

Başa düşürük, Qəbələ dağlıq rayon olduğundan iqlimi bir qədər sərtdir. Qış aylarına doğru havanın temperaturu aşağı düşür. Yəni soyuq olur. Amma nəzərə alaq ki, bundan əvvəlki mövsümlərdə, komanda Premyer Liqadan kənara çıxa bilmədiyi illərdə stadiona daha çox azarkeş gəlirdi. Hətta qış aylarında belə. Bəs, görəsən, fanatların sevimli klublarından üz döndərməsinin səbəbi nədir? Bəlkə artıq onlar da anlayıblar ki, komandanın Avroliqanın qrupuna düşməsi sadəcə, möcüzə idi. Və artıq o nağılın sonu yaxınlaşır. Ya da ki, başqa səbəblər var. Misal üçün, rəhbərliyin azarkeşlərlə əvvəlki kimi çox işləməməsi. Bəlkə də qrupa düşməyin başgicəlləndirici sevinci təbliğat işlərini unutdurub. Bəlkə də tərəfdarları komandadan kimlərsə küsdürüb. Əlbəttə, bunlar sadəcə, versiyalardır. Həqiqətin əsl üzünü klubda çalışanlar daha yaxşı bilirlər. İstənilən halda Avroliqanın qrup mərhələsində çıxış edən komandaya bu qədər biganəlik heç cür başadüşülən deyil.


Xəbər xətti