Yığmamızın heyəti açıqlandı

11:30 4 Noyabr 2015

Şahmat üzrə Avropa çempionatına qatılacaq Azərbaycan millilərinin heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, noyabrın 13-dən 22-dək İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək yarışa ən güclü zəka sahiblərimiz qatılacaq.

 

Belə ki, kişilərdən ibarət yığmamızda Teymur Rəcəbov (2739), Şəhriyar Məmmədyarov (2743), Arkadi Naydiç (2689), Rauf Məmmədov (2653) və Eltac Səfərli (2657) yer alacaq. 2013-cü ildə Avropanın ən güclüsü olduğumuz komanda ilə müqayisədə yalnız Qədir Hüseynov Reykyavikə aparılmayacaq. Onu avqustdan yığmamıza cəlb olunan Naydiç əvəzləyib.

 

Qadınlardan ibarət millimizə isə Zeynəb Məmmədyarova (2235), Ülviyyə Fətəliyeva (2294), Gülnar Məmmədova (2303), Xəyalə Abdulla (2283) və Nərmin Kazımova (2323) cəlb edilib. Varşava-2013-lə müqayisədə bu komandamızda da dəyişiklik edilib. Türkan Məmmədyarova və Nərgiz Umudovanı İslandiyada Fətəliyeva ilə Kazımova əvəzləyib.

 

Qeyd edək ki, Avropa çempionatında kişi şahmatçıların yarışına 36, qadın zəka sahiblərinin mübarizəsinə isə 30 ölkə qatılacaq.


Digər xəbərlər

Xəbər xətti