Samir Zərgərov: "Klub daxilində belə bir söz-söhbət yoxdu" - MÜSAHİBƏ

13:27 10 Noyabr 2015

"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov "İnter"lə oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib. O, Sportarena.az-ın da suallarını cavablandırıb.

 

- Qələbə qazanmaq üçün sizə nə mane oldu?

- Həm "İnter", həm də ondan öncəki komandalarla matçlarda üstün oynayan tərəf olmuşuq. Bu dəfə də imkanımız yarandı, qol vurduq. Ən pisi o oldu ki, həm də qol buraxdıq. Çalışmalıyıq çox qol vuraq. Çünki 1 topla kifayətlənmək olmaz.

 

- Özün də ön xətt oyunçususan. Qol vura bilməməyiniz nə ilə bağlıdır?

- Düzdü, neçə oyundu az qol vururuq. Məşqlərdə də bunun üzərində işləyirik. Yəqin ki, yavaş-yavaş bu problemi aradan qaldıracağıq.

 

- Avropa Liqasında çıxış etməyiniz çempionat oyunlarına təsir edirmi?

- Mən bu cür düşünmürəm. Avrokubokdakı çıxışın çempionat matçlarına mənfi təsiri olmur. Düzdü, az da olsa, yorğunluq olur. Amma bu da səbəb deyil. Məsələ burasındadı ki, Qəbələyə gələndə rəqiblər sıx futbol oynayırlar. Demək olar ki, hər oyunu təkqapıya keçiririk.

 

- “Qarabağ” da oyunlarının əksəriyyətini üstün keçirir, sizdən fərqli olaraq, qələbə qazanır. Belə çıxır ki, siz “Qarabağ”dan zəifsiniz?

- Zəif deməzdim. Azərbaycanda heç bir komandadan zəif deyilik. Sadəcə, qol imkanlarından maksimum yararlana bilmirik. Elə “İnter”lə görüşdə də kifayət qədər şanslarımız yarandı. Vursaydıq, belə olmazdı.

 

- Baş məşqçiniz Roman Qriqorçukun adı Ukrayna yığması ilə birgə hallandıqdan sonra uğurlu nəticələr qazana bilmirsiniz...

- Bunun bir təsiri yoxdu. Bu xəbərləri biz də mətbuatdan oxuyuruq. Ancaq klub daxilində belə bir söz-söhbət yoxdu. Futbolçular arasında da heç kim bu barədə nəsə danışmır.

 

- Topaz Premyer Liqasında artıq 4 oyundu ki, qələbə qazana bilmirsiniz. Çempionluğa iddia edən bir komanda üçün bu, ciddi problem deyil?

- Düzdü, "Qarabağ"dan çox geri düşdük. Amma çempionat uzundu, qarşıda çox oyunlar var. Bunu aradan qaldırmağa vaxtımız olacaq.

 

- Razılaşın ki, “Qarabağ” kimi rəqiblə 7 xallıq fərqi aradan qaldırmaq heç də asan olmayacaq...

- Razıyam, çətin olacaq. Biz xüsusən də ev oyunlarında ciddi xallar itirdik. 7 xal böyük fərqdi. Əlimizdən gələni edəcəyik ki, mövsümün gedişində bu fərq qapansın.

 

- Avropa Liqasındakı uğursuz çıxış bəlkə legionerləri həvəsdən salıb, onlar var gücləri ilə oynamırlar?

- “Qəbələ” peşəkar futbolçulardan qurulan komandadı. İnanmıram ki, hansısa futbolçu bu cür düşünsün.

 

- Çempionluq şansınızı necə görürsünüz?

- Çempionluq barədə danışmaq hələ çox tezdi. Çünki qarşıda bizi uzun marafon gözləyir.


Digər xəbərlər

Xəbər xətti