Həmişə belə qal, Samir! - YAZI

13:27 11 Noyabr 2015

Azərbaycanda məşqçi nəsli yavaş-yavaş dəyişməkdədir. Ötən əsrin 90-cı illərində məşqçilik karyeralarının pik nöqtəsində olanlar tədricən yerlərini həmin dövr futbolçularına təhvil verməkdədirlər. Aqil Məmmədov, Samir Abbasov, Kamal Quliyev, Emin Quliyev və Samir Əliyev yeni yetişən məşqçi nəslinin öndə gedən nümayəndələrindən sayıla bilər. Bu yazım sonuncuya aiddir. Samir Əliyev futbolçu kimi güclü olub. Hər halda bir vaxtlar Ukrayna çempionatında oynamış və oynadığı komandanın əvəzolunmaz futbolçusu olması sözlərimə sübutdu. Hətta o qədər əvəzolunmaz futbolçu idi ki, “Volın"ın baş məşqçisi Vitali Kvarstyanı Samirlə az qala düşmən münasibətində olsa belə məhz güclü olduğu üçün onu hər oyun start heyətində meydana buraxırdı. Çünki Əliyev öz mövqeyinin ağası idi.

 

Həmin Samir indi də məşqçi kimi özünü sübut etməyə çalışır. İşi çox çətindir. Bunun isə bir çox səbəbləri var. Birincisi, ilk dəfədir ki, Premyer Liqada baş məşqçi kimi işləyir. İkincisi, elitada debütü “Neftçi" kimi komandaya təsadüf edib. Üçüncüsü, “Neftçi" elə komandadır ki, daim üzərində təzyiq olur. Hansı heyətlə mübarizə aparmasından və hansı məşqçinin, rəhbərliyin çalışmasından asılı olmayaraq, bu klubdan daim çempionluq tələb olunur. Ən əsası, illər boyu futbolun içində olmuş birisinin gəlib hansısa yazıçının, bəstəkarın, şoumenin rəhbər olduğu klubda uğur qazanması qeyri-mümkündür. Çox təəssüf ki, Samir də elitada debütünü məhz bu şərtlər altında etdi. Əslində, yazımın mövzusu sadaladıqlarım deyil.

 

Diqqətimi daha çox çəkən Samirin məşqçi kimi özünü aparmasıdır. Potensialı, istəyi, xarizması, savadı, mübariziyi var. Elə “Neftçi"nin oyunları zamanı onun hansı həyacanı keçirdiyi, epizodlara necə reaksiya göstərməsi çox şeydən xəbər verməyə bilər. Diqqətimi daha çox çəkən oyun vaxtı aqressiv, hirsli olan bu insanın oyundan sonra media önünə çox təmkinli, sakit çıxmağı bacarmasıdır. Bu qədər təzyiqlərə, ardıcıl uğursuzluqlara baxmayaraq, komandası məğlub olanda bəzi məşqçilər kimi səhhətini bəhanə edib heç vaxt mətbat konfransına köməkçisini göndərməyib. Ən ağır oyunlardan sonra da özü media önünə çıxaraq bütün sualları cavablandırıb. Özü də çox səbrlə və təmkinlə. Hətta ən qıcıqlandırıcı suala belə, çox sakit və soyuqanlı cavab verib, heç bir jurnalistin qəlbini qıracaq hərəkət etməyib.

 

Bir dəfə mətbuat konfransında verilən növbəti sualdan sonra klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov özünü saxlaya bilməyərək müdaxilə etsə də, Samir səbrlə onu sakitləşdirərək “qarışmaə, sual mənə aiddisə, özüm cavablandıracam" deyə, onu sakitləşdirdi. Daha sonra isə verilən suala cavab verdi. Məhz bu cür yanaşma insanın böyüklüyünü göstərir. Mən də Samirə dəstək olan bir insan kimi, tövsiyyə edərdim ki, bu təmkinini, sadəliyini sona qədər qorusun və həmişə belə qalsın. “Neftçi" rəhbərliyi və azarkeşləri də bu gənc məşqçiyə sahib çıxmalı, ona daim dəstək olmalıdır. Hətta “Rəvan”a məğlub olsalar belə.

 

Anar XANLAROV, "Het-trik news" qəzeti


Xəbər xətti