Prosineçki Fransadakı terror hadisələrindən danışdı - MÜSAHİBƏ

15:11 17 Noyabr 2015

Milli komandamızın baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib. Sportarena.az xəbər verir ki, bir neçə gün əvvəl Parisdə baş verən terrorla bağlı danışan xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb. Qol.az-a istinadən müsahibəni ixtisarla təqdim edirik

 

- Paris hadisələri ilə bağlı şəkilləri görəndə nə düşünürsünüz?

- Mən Nyu-Yorkdakı göydələnlər partladılanda da şoka düşmüşdüm. Bu hadisə də mənə pis təsir etdi. Dünyada təhlükəsizliyi təmin etmək çətinləşib. Mənim qızlarım Parisdən şəkilləri görəndə çox məyus oldular. Mən də gələcəyimizdən narahatam.

 

- Siz müharibəni nəzərdə tutursunuz?

- Heç kim müharibədən sığortalanmayıb. Müharibə çox təhlükəli və dəhşətlidir. Ancaq düşünürəm ki, bu, baş verməyəcək.

 

- Gələn il Fransada Avropa çempionatı keçiriləcək. Artıq bir çoxları terror hadisəsinin yenidən təkrarlanacağından narahatdır.

- Bəli, təhlükəsizliyə zəmanət vermək çox çətindir. Əgər final mərhələsində təhlükəsizlik bərpa edilməyəcəksə, futbol barədə düşünməyə dəyməz. Ancaq buna hələ çox var.

 

- Rəhbərlik etdiyiniz Azərbaycan millisi Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Siz artıq Rusiyada keçiriləcək dünya çempionatını düşünürsünüz?

- Ağır qrupa düşmüşük. Çexiya son vaxtlar yaxşı oyun nümayiş etdirir. Almaniyanın gücü hər kəsə bəllidir. Digər rəqiblər də güclüdür. Ancaq mənim məqsədim odur ki, heç bir komanda Bakıdan asanlıqla xal aparmasın. Bundan başqa yaxşı oyun nümayiş etdirmək istəyirik. Düzdür, son ev oyunumzda İtaliya millisinə uduzuduq, ancaq komandamız inamlı təsir bağışladı.


Xəbər xətti