Qurban Qurbanov: "Bizdən çox şey gözləyirlər"

18:01 25 Noyabr 2015

"Bilirik ki, yaxşı komandaya qarşı oynayacağıq. Özü də rəqib ən yaxşı formasındadı".

 

Sportarena.az "apasport.az" saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasında mübarizə aparan təmsilçimiz sabah qrup mərhələsinin V turu çərçivəsində İngiltərə nəhənglərindən sayılan “Tottenhem”i qəbul edəcək.

 

Ağdam klubunun çalışdırıcısı bu gün təşkil edilən mətbuat konfransında fikilərini bu cür davam etdirib: "Bu oyun hər iki komanda üçün önəmlidi. Çalışmalıyıq ki, düzgün və səhvsiz oynayaq. Bunun üzərində çalışmışıq. Futbolçuların ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram. Məsuliyyəti hiss edirlər. Tələb böyükdü, bizdən çox şey gözləyirlər. Biz də ən yaxşısını etməyə çalışacağıq".

 

- Rəqibin 7 oyunçusu sabah oynamayacaq. Bu sizin xeyrinizə olacaq?

- Açığı, kimlərlə gəldiklərini bilmirəm. Amma onlarda eyni gücdə oyunçu çoxdu. Rəqibin 7 üzvünün gəlməməyi ciddi problem deyil. Çünki “Tottenhem” böyük klubdu. Bütün oyunçular əllərinə düşən şansdan istifadə etməyə çalışır. Daha istəkli və yorğun olmayan oyunçular çıxacaq. Bu da bizə daha ciddi problem yarada bilər.

 

- Rəşad Sadıqov sabah iştirak edəcək? Ümumiyyətlə, heyətdə hansısa dəyişiklik olacaq?

- Heyətdə hansısa dəyişiklik ola bilər. Amma Avrokubok matçlarında ciddi dəyişiklik etməmişik. Belə görüşdə təcrübə və stabil oynayan futbolçuların iştirakı vacibdi. Rəşadın durumuna isə sabah səhər müayinəsindən sonra bilinəcək.


Digər xəbərlər

Xəbər xətti