"Bəzi xarici klublarla danışıqlar gedir" - Elnur Cəfərov

12:26 30 Noyabr 2015

"Xəzər Lənkəran"ın gənc hücumçusu Elnur Cəfərov "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib. Milli komandamızın şərəfini qoruyan forvard Sportarena.az-ın əməkdaşının da suallarını cavablandırıb.

 

- "Zirə" ilə oyunda özünü yaxşı tərəfdən göstərə bilmədin...

- Düzdür, oyunum istədiyim kimi alınmadı. Buna səbəb də ayağımda ağrıların olmasıdır. Demək olar ki, 2-3 qarşılaşmadı ki, zədəli halda meydanda oluram. Baş məşqçi də gördü alınmır, məni əvəzlədi. Özüm də ağrıların olduğunu əvvəldən məşqçiyə bildirmişdim.

 

- 21 yaşlılardan ibarət milli komanda ilə toplanışda aldığın zədədir?

- Millidə aldğım zədə hələ də tam sağalmayıb, həm də ayağımın başqa yerində də ağrılar var...

 

- Bu oyunda məğlubiyyətə səbəb nə oldu?

- "Zirə"ni təbrik edirəm, amma heç nədən uduzduq. Qolu da öz qapımıza vurduq, heç də rəqibdən zəif oynamadıq. Qol epizodlarımız da oldu, amma yararlana bilmədik.

 

- Komandanın hazırki durumu ilə bağlı nə deyə bilərsən?

- İtirəcək heç nəyimiz yoxdur, yalnız bunu deyərəm. Ancaq meydana çıxıb oynamlıyıq və nələrsə əldə etməliyik.

 

- Qış fasiləsindən sonra komandada dəyişikliklər olacaq. Komandadan ayrılmaq ehtimalın var?

- Hələlik 3 illik müqaviləm var. Ölkə xaricindən təklif olsa, "Xəzər Lənkəran" özü məni buraxacaq. Azərbaycanda isə yalnız "Xəzər Lənkəran"da olacam.

 

- Gənc olmağına baxmayaraq oyununla öz sözünü demisən. Daha iddialı komandadan təklif gəlsə, nə edəcəksən?

- "Xəzər Lənkəran" hər zaman iddialı komanda olub, əgər qışdan sonra iddiasız olsa, klub özü imkan yaradar ki, daha yaxşı yerlərdə oynayaq.

 

- Bayaq bildirdin ki, ölkə xaricindən təkliflər olsa gedərəm. Bir-iki il əvvəl "Zenit" və "Şaxtyor" səninlə maraqlanırdı. İndi belə bir ehtimal var?

- Həmin vaxt 16-17 yaşım var idi, Azərbaycan da Avropa Birliyinə daxil olmadığı üçün 18 yaşım tamam olmadığından xaricdə qalmaq çətin idi. İndi 18 yaşım var, hazırda da bəzi danışıqlar gedir. Hələlik bu barədə ətraflı heç nə demək istəmirəm.


Digər xəbərlər

Xəbər xətti