"Neftçala" meydanı özbaşına tərk etdi, "Şəmkir"in futbolçusu hakimi döydü

15:53 1 Dekabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun son turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, İK aşağı dəstəda baş verənlərə hüquqi qiymət verib.

 

“Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş vermiş və oyun 5 dəqiqə dayandırılmışdır. Belə ki, "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə calışmış və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə etmişdir. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunmuş və sonadək oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 

“Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, klub 1000 manat cərimə olunub. Meydan sahibi komanda stadionun təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunub

 

“Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Davud Kərimi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Ağsu” klubunun futbolçusu Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

 

“Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 22 №-li futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydani tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimə olunub.

 

MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Rəşad Hacızadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Xəbər xətti