"Yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq" - Millimizin baş məşqçisi

16:19 2 Dekabr 2015

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher cüdoçularımızın son çıxışlarını dəyərləndirib. Sportarena.az xəbər verir ki, qarşıdakı planlardan danışan mütəxəssis bunları söyləyib:

 

“Çin Qran-Prisində gözlədiyim kimi uşaqlar əzmkar mübarizə apardılar və bu da qazanılan uğurlara təbii ki, öz təsirini göstərdi. Koreya Qran-Prisi barədə də eyni sözləri demək olar. Artıq Azərbaycan milli komandasında yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq. O ki qaldı idmançıların səviyyəsinə, mən heç vaxt qane olmuram. Hər zaman yaxşı olmağın yolları var və biz də bunun üçün çalışırıq. Qarşıda 20 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Koreyada bir neçə gün təlim-məşq toplanışı keçirdik və bundan sonra hazırlığımızı Monqolustanda davam etdirəcəyik. Nəyə görə Monqolustan? Çünkü onların çox fərqli və maraqlı stilləri var. Ona görə gözləyirəm ki, orada da güclü məşqlərimiz keçəcək.

 

Bildiyiniz kimi, dekabrın 4-də Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışına start veriləcək. Qərara aldıq ki, bu mötəbər turnirdə Azərbaycanı 2 cüdoçu – Elmar Qasımov və Elxan Məmmədov təmsil etsin. Çünkü qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır. Həmçinin də, uşaqların çoxu növbəti dəfə çəki atmalıdırlar. Hər iki idmançımız daha sonra Monqolustanda keçirəcəymiz təlim-məşq toplanışında bizə qatılacaq. Koreya Qran-Prisində zədələnən Nicat Şixəlizadə isə bu gün Bakıya qayıdır. O, Azərbaycanda tam olaraq həkimlərimizin nəzarətində olacaq".


Digər xəbərlər

Xəbər xətti