"Anderlext"i Bakıda udmuşuqsa, səfərdə niyə olmasın?" - MÜSAHİBƏ

20:41 2 Dekabr 2015

"Qarabağ"ın makedoniyalı müdafiəçisi Vladimir Dimitrovski ölkə kubokunun 1/8 final mərhələsinin "Şəmkir"lə oyunundan (2:0) sonra jurnalistlərə müsahibə verib. Təcrübəli futbolçu Sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun barədə nə deyə bilərsən?

- Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma fasilədə baş məşqçi bizimlə danışdı. Bundan sonra meydanda onun dediklərini eləməyə başladıq. Nəticə etibarilə sonda istədiyimizi aldıq. Zənnimcə, qələbəyə layiq oynadıq.

 

- İlk hissədə komandanın yaxşı oynamaması arxayınçılıqdan irəli gəlirdi?

- Bəlkə də hansısa futbolçularımızda yorğunçuluq var idi. İstənilən halda aşağı dəstə komandasına qarşı oynayarkən motivasiya ilə bağlı bəzi problemlər olur. Rəqibi təbrik edirəm. Çox yaxşı oynadılar. Onların da haqqını vermək lazımdır.

 

- Sonuncu dəfə "Sumqayıt"la oyunda meydana çıxmısan. Uzun müddətdir oynamamağının səbəbi nə ilə bağlıdır?

- "Qarabağ" böyük klubdur. Burda çoxlu oyunçular var. Baş məşqçi rotasiyadan çox vaxt istifadə edir. Mən hazıram. Baş məşqçi nə vaxt şans versə, çıxıb meydanda əlimdən gələni edirəm.

 

- Nadir hallarda meydanda olursan. Bu mənada qışda "Qarabağ"dan ayrılmağı düşünürsən?

- Komandaya yeni gəlmişəm. Gec qoşulduğum üçün toplanışda iştirak edə bilmədim. Qış fasiləsində öz üzərimdə işləyib, daha çox şans qazanmağa çalışacam.

 

- Qarşıda "Anderlext"lə vacib oyununuz var. Həmin qarşılaşma haqda nə düünürsən?

- Futbolda hər şey mümkündü. "Anderlext"i Bakıda udmuşuqsa, səfərdə niyə olmasın. Mən komanda yoldaşlarıma inanıram. Düzdü, bunun üçün "Monako"nun da xal itirməsi lazımdı. Nə qədər çətin olsa da, səfərdə qalib gələcəyimizə inanıram.


Digər xəbərlər

Xəbər xətti