"Yeni baş məşqçinin gəlişi ilə "Lion" söhbəti bağlandı" - Aleksey Antonov

17:56 4 Dekabr 2015

"Qəbələ"nin hücumçusu Aleksey Antonov klub qəzetinin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Səninlə müsahibə almaq üçün bir müddət gözləməli olduq. Deyəsən, jurnalistlərlə ünsiyyətə o qədər də meyl etmirsən?

– Xeyr, elə deyil. Sadəcə, sözlərim təhrif ediləndə xoşuma gəlmir. Buna görə də, son vaxtlar jurnalistlərlə ünsiyyətdən kənar durmağa çalışıram. “Qəbələ” bütün Azərbaycan futbolu, ölkənizə reytinq xalı qazandırmaq naminə çalışır. Biz futbolçular isə 10 ilin komandası olan “Qəbələ”ni Avropada tanıtdırırıq. Məncə, əsaslı tənqidlər işimizi daha yaxşı görmək üçün bizə stimul olmalıdır.

 

– Karyeranda ilk dəfə Azərbaycanda oynayırsan. “Qəbələ”dəki çıxışına necə qiymət verərdin?

– Məncə, bunu etmək tezdir. Karyeramda “Qəbələ”nin hansı yeri tutacağını indidən deyə bilmərəm. Ancaq sözsüz ki, klubun tarixində ən uğurlu mövsümün iştirakçısı olmaq çox xoşdur. Ümid edirəm, bu, “Qəbələ”nin tarixində son belə mövsüm olmayacaq. Arzum budur ki, “Qəbələ” avroliqalarda mübarizə aparmağı ənənəyə çevirsin. Biz futbolçular da həmin həyəcanı bir daha yaşayaq.

 

– Azərbaycanda, Qəbələdə həyatın necə keçir?

– Buranı əvvəl yaşadığım Qazaxıstanın Aktöbe şəhəriylə müqayisə edə bilərəm. Azərbaycan daha çox xoşuma gəlir. Burada mənə rahatdır. Bunu ilk növbədə infrastrukturla əlaqələndirərdim. Çünki yaxşı şərait peşəkar futbol həyatının ayrılmaz hissəsidir. Üstəlik, tanış insanlarla bir komandada olmaq işimi asanlaşdırır. Tez-tez Bakıda oluruq. Paytaxtınız çox gözəldir. Ümumiyyətlə, Azərbaycanda elə bir şey yoxdur ki, xoşuma gəlməsin.

 

– Azərbaycan futbolunun ümumilikdə Qazaxıstan futbolu ilə müqayisə edərkən nələri qeyd edərdin?

– Azərbaycanda infrastruktur, stadionlar, meydançaların vəziyyəti daha yaxşıdır. Prinsipcə, Qazaxıstanda da yaxşı futbolçular var. Ancaq həmin ölkədə infrastruktur, belə deyək, SSRİ-də olduğu səviyyədədir. Azərbaycan bu baxımdan Qazaxıstanı üstələyir. Ölkənizdə yaxşı stadionlar var. Hətta süni ot örtüklü meydançaların da səviyyəsi daha yaxşıdır.

 

- Ötən ilin sonunda, Qrqiqorçuk klubumuza gələndə, özü ilə “Çernomorets”dən bir neçə futbolçu gətirdi. Həmin vaxt sənin də “Qəbələ”yə keçmək imkanın vardımı?

- Xeyr, “Aktobe” ilə müqaviləm vardı. Məni buraxmırdılar. Yayda imkan yarandı və bundan istifadə etdim. Roman Qriqorçukun “Qəbələ”də çalışması, eləcə də birgə işlədiyim digər məşqçilərin və çoxdan tanıdığım futbolçuların komandada olması qərarıma böyük təsir göstərdi.

 

– İndiyədək milli çempionatımızda çoxlu ukraynalı futbolçu oynayıb. “Qəbələ”yədək Azərbaycan klubundan dəvət almışdın?

– Xeyr. Azərbaycan klublarının mənimlə maraqlandığını heç vaxt eşitməmişəm. Əslində, Ukraynada vəziyyət normal olsaydı, heç Qazaxıstana da getməyəcəkdim.

 

– Ümumiyyətlə, indiyədək xarici klublardan cəlbedici təklif almısan?

– 3 ölkədə legioner həyatı yaşamışam. “Qəbələ” və “Aktobe”dən əvvəl Rusiyanın “Kuban” klubunda oynamışam. Ötən il “Çernomorets”lə Avropa Liqasının 1/16 final mərhələsində “Lion”la qarşılaşdıq. O zaman Fransa klubunun baş məşqçisi (hazırda “Aston Villa”nı çalışdıran Remi Qard nəzərdə tutulur - M.S.), eşitdiyimə görə, məni öz komandasında görmək istəyirmiş. Ancaq həmin mütəxəssis vəzifəsindən getdi və yeni baş məşqçinin gəlişi ilə söhbət bağlandı.

 

– Yetirməsi olduğun “Dnepr” də daxil olmaqla vətənində bir sıra klublarda oynamısan. Ukrayna karyerandan razısan?

– Ümid edirəm, Ukrayna karyeram hələ bitməyib (gülür). Məncə vətənimdə çıxış etməyə yenə imkanım olacaq. Bir məsələ də var ki, mən nəinki Ukraynada, ümumiyyətlə, indiyədək çempion olmamışam. “Metallist”lə Ukraynada bürünc, “Aktobe” ilə isə Qazaxıstanda gümüş medala sahib çıxmışam. Odur ki, ilk çempionluq sevincimi “Qəbələ” ilə yaşamaq istəyirəm. Xaricdə çempion olmaq daha nüfuzludur. Premyer Liqanın qalibi olmaq “Qəbələ” üçün də böyük uğur sayılacaq.

 

– Ötən il “Çernomorets”, bu il isə “Qəbələ”nin heyətində Avropa Liqasında çıxış etdin. “Qəbələ”nin Avropa Liqasında çıxışı haqqında hansı fikirdəsən?

– Hesab edirəm ki, “Qəbələ” bu mövsüm Avropa Liqasında öz sözünü deyə bildi. Qrup mərhələsinə çıxmağımız, ümumiyyətlə, “Qəbələ” üçün böyük nailiyyətdir. Qrup mərhələsinə düşmək, Avropanın əksər klubları üçün prioritet sayılsa da, bunu hər komanda bacarmır.

 

– Bu yolun başlanğıcında, Tiflis “Dinamo”su üzərində möhtəşəm qələbə qazandığımız gün qrup mərhələsinədək gəlib çıxacağınızı gözləyirdinizmi?

– Qrup mərhələsinə çıxacağımızı gözləməsək də, uğur qazanacağımıza inanırdıq. Çox şadam ki, birgə səylərimiz nəticəsində klub tarixində ən yaxşı uğura imza atdıq. Salonikidə isə qrupdan çıxmayacağımız matçadək dəqiqləşsə də, bu, qələbəyə olan istəklərimizi azaltmamışdı.

 

– “Qəbələ”nin Avropa Liqasında ilk qələbəsini (Tiflis “Dinamo”nu ılə cavab matçında) qazandığı oyunda qol hesabını açsan da, sonrakı matçlarda fərqlənə bilmədin...

– Qol imkanlarım çox oldu. Hətta qrup mərhələsində fərqlənmək üçün 3 dəfə yaxşı fürsət qazandım. Elə son turda, PAOK-la matçı “çərçivə”yə doğru dəqiq zərbə endirsəm də, qapıçı qola imkan vermədi. Bəxt heç də həmişə, xüsusilə avrokuboklarda üzünə gülmür. “Krasnodar”la matçda komandamızın qrupda ilk qələbəsini qazanmaq və ilk qolumu vurmaq üçün əlimdən gələni edəcəyəm.

 

– Avrokuboklardan fərqli olaraq qol vurmaq baxımından çempionatda işlərin daha yaxşı gedir...

– Bu, hələ yolun başlanğıcıdır. Vurduğum və bundan sonra vuracağım bütün qolları bircə “Qəbələ"nin çempion olmasına dəyişərdim.

 

– Bir qədər öncə top fərqinə görə “Qarabağ”dan öndə, turnir cədvəlində birinci sırada idik. İndi liderdən 8 xal geridəyik.

– Demək, durumu xeyrimizə dəyişmək baxımından qarşıda bizi maraqlı mübarizə gözləyir. “Qarabağ”la hələ 1 dəfə görüşmüşük. İlin sonunadək bir daha üz-üzə gələcəyik. Əlbəttə, liderliyi əldən verməyimiz, xal itirməyimiz bizi də qane etmir. Sözsüz ki, buna görə çox narahatıq. İnanıram ki, “Xəzər Lənkəran”la matçda bu uğursuz seriyaya son qoyacağıq.

 

– Xal itkilərinin əsas səbəblərindən biri qol imkanlarını boşa verməyimiz oldu. Bir hücumçu kimi bunun səbəbini nədə görürsən?

– Dəqiq səbəb deyə bilmərəm. Ola bilər, bəzi anlarda soyuqqanlı olmaq lazım idi. Ancaq digər tərəfdən, AZAL-la Qəbələdəki oyunda 2 “təmiz qol” vurduq, sayılmadı. Son ev oyunlarında az qol vursaq da, “Xəzər Lənkəran”ın qapısına 6 dəfə yol tapmışdıq. Yəni birmənalı səbəb gətirmək olmur. Ancaq onu bilirəm ki, birgə səylərimizlə qalan matçlarda qalib gəlməliyik. Xüsusilə də Qəbələdə.


Digər xəbərlər

Xəbər xətti