"Rioya 10 lisenziya ilə yollanmaq istəyirik" - Millimizin böyük məşqçisi

15:30 9 Dekabr 2015

2015-ci il dünya çempionatını uğurla başa vuran boks üzrə milli komandamız bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib. Sportarena.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının boks mərkəzində davam edən hazırlıq prosesi planlaşdırılmış şəkildə davam etdirilir.

 

Dohada keçirilən Boks üzrə Dünya çempionatında uğur qazanan idmançılarımız qarşıdan gələn 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarının hazırlıq planlarını davam etdirir. Lisenziya xarakterli turnirlərə hazırlaşan boksçularımız məşqçilərin tapşırıqlarına əsasən həm fiziki, həm də texniki prosesləri keçirlər. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Rüfət Hüseynov, 52 kqda Elvin Məmişzadə, 56 kq çəkidə Cavid Çələbiyev və Tayfur Əliyev, 60 kq çəki dərəcəsində Albert Səlimov və Elvin İsayev, 64 kqda Lorentso Sotomayor, 69 kq-da Pərviz Bağırov, 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı, 81 kq çəkidə Teymur Məmmədov və 91 kqda Abdulkadir Abdullayev məşqlərini davam etdirirlər. Komandamızın lideri Məhəmmədrəsul Məcidov isə artıq zədəsini sağaltmaq üzrədir.

 

Komandamızın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirdi. “Komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazandılar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçirliəcək olimpiya oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik”.

 

Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq.


Digər xəbərlər

Xəbər xətti