Elvin Məmişzadə: "Rəqabət çox güclüdür, amma heç kimdən çəkinmirəm"

22:28 18 Dekabr 2015

Artıq son ayını yaşadığımız 2015-ci ildə əldə edilən idman uğurlarında ən çox payı olanlardan biri də Elvin Məmişzadədir. Onun builki yüksəlişi elə parlaq və təsirli oldu ki, gələn il Rioda keçiriləcək olimpiya oyunlarında ölkəmizin boks tarixində ilk qızıl medalını qazanmağa ən iddialı dəri əlcək ustası hesab olunur. Hərçənd 2015-ci il heç də belə ümidlərlə başlamamışdı. Onunla söhbətimiz elə əvvəldən səmimi axara yönəltmək üçün məhz bu təzadlı məsələyə münasibətini öyrənməklə başladım:

- Doğrudur, ilin əvvəli mənim üçün uğursuz oldu. Həmin vaxtlar “Baku Fayrz” klubunun üzvü idim. Bildiyiniz kimi, WSB liqasındakı çıxışlarımın nəticələri də yaxşı deyildi. İki döyüşdə məğlub oldum. Bundan sonra yığma komandaya qayıtdım. Elə bil bu döyüş məndə ruh yüksəkliyinə səbəb oldu. Özümdə güc tapdım, iradə topladım və davamlı məşqlər sayəsində formamı bərpa etdim. Əvvəlcə ölkəmizdə təşkil olunan test xarakterli "Böyük İpək Yolu” turnirində, I Avropa Oyunlarında və sonda dünya çempionatında qızıl medallara sahib oldum.

- Son yarış, «Rio-2016» Yay Olimpiya Oyunlarına lisenziya qazandığın dünya çempionatındakı döyüşlərin barədə fikirlərin maraqlıdır...

- Bildiyimiz kimi, oktyabrın 12-də Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının finalında kubalı Yosbani Veytya ilə qarşılaşdım. Rəqibimin güclü boksçu olduğunu bilirdim və qarşılaşmanın mənim üçün gərgin keçəcəyi əvvəlcədən aydın idi. Elə «kubalı boksçu» ifadəsi yetərlidir ki, qarşındakı rəqibin gücünə bələd olasan - onlar dünyanın güclüləri sırasındadılar. Buna görə də görüşə çox ciddi yanaşdım. Qızıl medalı ölkəmizə gətirmək üçün çox iddialı idim. Bu çempionatda ən unudulmaz anım əlimin göyə qaldırılaraq, “ dünya çempionu ” elan edilməyim oldu. Bu sözlər təsəvvürü çətin olan unudulmaz hissləri ifadə edir. Hər bir idmançıya bu hissləri yaşamağı arzu edirəm. 
- Qarşıdan uzaq Rio de Janeyroda keçiriləcək yay olimpiya oyunları gəlir.

- Bu yarışdır. Qabaqcadan heç kim əminliklə deyə bilməz ki, çempion olacağam. Olimpiadaya gedən hər bir idmançı ciddi hazırlaşır və qızıl medal uğrunda mübarizə aparmaq üçün gedir. Bizimsə olimpiadalarda nəinki qızıl, heç gümüş medalımız da yoxdur. Əlimdən gəldiyi qədər qalib gəlməyə çalışacağam. Bütüm qüvvəmi səfərbər edəcəyimə əminəm. Qalanı rinqdə bəlli olacaq.

- «Rio-2016»nın boks proqramı və rəqiblərinlə tanışsan?

- Hazırlıqlarım yeni başlayıb. Artıq bir həftədir ki, təlim-məşq toplanışındayam. Ora ciddi hazırlaşıram və əvvəlcədən bütün proqramı bilirəm. «Rio-2016»ya kimi təlim-məşq toplantılarının kimlərlə və harada olacağı barədə dəqiq məlumatım var. İnanıram ki, hər şey yaxşı olacaq. Təkcə bir yox, təxminnən 10 boksçu var ki, həqiqətən mənə əsl rəqibdirlər. Rəqabət həddən artıq güclüdür. Amma mən heç kimdən çəkinmirəm.

- Oyunlarda, yəqin ki, özünə xas ənənəvi döyüş üsulundan istifadə edəcəksən. Bu yanaşma həmişə uğurlu alınıb?

- Əlbəttə, həmişə elə döyüşmüşəm. Əsas döyüş taktikam baş ilə rəqibi aldatmağımdır. Yarışlarda bundan tez-tez istifadə edirəm və bu cür döyüşməyi sevirəm. Bu fənd mənə həmişə uğur gətirib.

- Səncə qalib olmaq üçün boksçuya lazım olan əsas xüsusyyətlər hansılardır?

- Qalib gəlmək üçün ilk öncə ağıl və rəqibə son dərəcə diqqətli olmaq lazımdır. Təkcə qolun gücü hər zaman kifayət etmir. Rinqdə kim ağıllı olursa, o da qalib gəlir. Məşqlərin rolu, əlbəttə, əsasdır, amma uğurlarda bəxt də az-çox rol oynayır. Çünki çox zaman hakim ədalətsizliyi ilə qarşılaşırsan və ona da sinə gərməli olursan.

- Belə halla tez-tez Elvin İsayev qarşılaşıb. Bəs sən?

- Düzdür, Elvinə qarşı çox ədalətsizliklər olub. Mən isə cəmi bir dəfə Belarusda keçirilən Avropa çempionatında bu halla qarşılaşmışam. «Rio-2016»da qərəzlə qarşılaşmaq istəmirəm.

- Dünya çempionusan, «Rio-2016»da iştirak edəcək ən güclü boksçular arasında özünü görürsənmi? 

- Boksçularımız arasında ən güclüyəm, amma dünyada yox. İlin boksçusu adı qazanmağa əsas rəqiblərim üçqat çempion olan iki kubalı boksçu var: Lazer Alvares (60 kq) və Xulio Sezar ( 81 kq). Onlar həqiqətən çox güclü boksçulardır.

- Son üç dünya çempionatında əldə edilən nəticələrə əsasən deyə bilərik ki, ölkəmizdə boks yeni intibah dövrünə qədəm qoyub.

- Bu fikirlə razılaşıram. Tarix ərzində dünya çempionatlarında boksçularımız ən çox qızıl medala 2011-ci ildən bu yana sahib olublar. Əminliklə deyə bilərəm ki, boksun inkişafına görə artıq ölkəmizi, Kubadan və Rusiyadan sonra, üçüncü yerə qoya bilərik. Ölkəmiz üçün bu, böyük nəticədir. Bunun davamı, inşallah, Rio de Janeyrodan gələr.


Digər xəbərlər

Xəbər xətti