Məhv olmuş uşaqlıq xatirələrim - YAZI

12:51 20 Dekabr 2015

Uşaqlığım yadıma düşəndə indiki uşaqlara həsəd aparıram. Onlar buts ilə məşq edirlər, biz isə 2 rublluq «keta» ilə. Onlar müasir stadionlarında futbol oynayırlar, biz isə asfalt, rezin örtüklü meydanlarda. Onlar məşqlərə valideynlərinin avtomobili ilə gedirlər, biz isə «11 nömrə» ilə. Onlar Messini, Ronaldonu özlərinə kumir hesab edirlər. Biz isə… Bizim də dövrümüzün ronaldoları, messsiləri var idi - Maradona, Van Basten, Qullit, Kroyf… Amma indiki uşaqlarlardan fərqli olaraq o dövrün ulduzlarının oyununu izləmək mümkün deyildi. Görüb-bəyəndiyimiz «Neftçi» idi, bir də bu komandanın futbolçuları. Kumirlərimiz də «Neftçi»nin oyunçuları, əsasən də hücumçuları idi - İsgəndər Cavadov, Vəli Qasımov, Nazim Süleymanov, Səmədağa Şıxlarov, Samir Ələkbərov, Maşallah Əhmədov…

Sonuncunu özümə kumir seçmişdim. Dəfələrlə başqa uşaqlarla kumirimə görə dalaşmışdım. Hətta Əhmədovu o qədər xoşlayırdım ki, futbol oynayanda onun hərəkətlərini yamsılamağa çalışırdım. İndi mənə gülməli gəlir, amma o vaxt Maşallah Əhmədovu atamdan az istəmirdim. Həyatda tək idealım məhz «Neftçi»nin «10 nömrə»si idi…

Son 3 ildə 50-dən çox veteran futbolçu ilə müsahibə götürmüşəm. Onların uşaqlığı, futbola gəlişi, karyerası, ailə həyatı və digər mətləblərdən «cızma-qaralar» etmişəm. Hərəsi bir həyat məktəbidi. Təəssüf ki, heç də hamısı nümunəvi insanlar olmayıblar. Bir dəfə həmkarlarımdan biri məndən soruşdu ki, hansı veteran futbolçudan heç vaxt müsahibə götürmək istəməzsən? Düşünmədən bir nəfərin adını çəkdim. Həmin insan Maşallah Əhmədov idi. Bilirsiz nə üçün? Çünki düşünürdüm ki, Əhmədovla söhbət etsəm, birdən nəsə xoşuma gəlməz, uşaqlıq xəyallarım məhv olar. Müsahibə bir yana, hətta bir yerdə olduğumuz müxtəlif tədbirlərdə uşaqlıq kumirimdən uzaq dayanmışam, onunla adicə söhbətə belə can atmamışam. Səbəbini bayaq izah elədim.

İki gün əvvəl Maşallah Əhmədovun həbs olunduğunu eşidəndə, düzü təəccüblənmədim. Məhkəmənin qərarı olmadan kimisə cinayətkar adlandırmaq doğrü deyil. Amma nə fərqi var, şüşə sındı, ya cingildədi. Hələ 2008-ci ildə Maşallah Əhmədovun adı mətbuatın gündəmini cinayət hadisəsiylə zəbt etmişdi. Belə ki, Rasim Bayramov adlı bir nəfər Maşallah Əhmədovun ondan aldığı 15 min dollarını qaytarmadığını iddia edərək özünü qumbara ilə partlatmışdı. Deyilənlərə görə, mərhumun məqsədi veteran futbolçunu öldürmək imiş, lakin ehtiyatsızlıq üzündən qumbara əlində açılmışdı. Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılsa da… Cəmi bir il sonra Rəşad Ağamirzəyev adlı şəxs Nəsimi rayon Məhkəməsinə müraciət edərək zərərin - əldən çıxmış faydanın Maşallah Əhmədov tərəfindən ödənilməsini tələb etmişdi. 2012-ci ildə isə Bakı şəhər sakini Fəqan Cəfərov Binəqədi-Baksol yolunda yerləşən və ona məxsus olan sexdən Maşallah Əhmədovun 72 min manatlıq üzlük plitə götürdüyünü və pulunu ödəmədiyini əsas gətirərək polisə müraciət etmişdi. Bu il dekabrın 14-də isə Binəqədi rayon polisinə Maşallah Əhmədovla bağlı daha bir şikayət ərizəsi daxil olub. Yusif Əzizov adlı şəxs ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü və ödəniş etmədiyini, bundan başqa oğlunu işə düzəltmək adı ilə 15 min manatını aldığını və vədinə əməl etmədiyini göstərib. Bunlar mətbuata məlum olan hadisələrdi. Məlum olmayanlarının da varlığı istisna deyil. Şüşə hələ sınmayıb, amma cingiltisi baş-beyin aparır.

Maşallah Əhmədovun kimə nə qədər borclu olduğunun, kiminlə nə iş gördüyünün mənə zərrə qədər də dəxli yoxdu. Cinayət törədibsə, cəzasını alacaq. Uzağı, iddia edildiyi kimi, borclu olduğu insanların pullarını qaytaracaq. Bəs mən? Məhv elədiyi uşaqlıq xəyallarımı qaytara biləcəkmi?

İlqar Tağıyev, “525-ci qəzet”


Digər xəbərlər

Xəbər xətti