24 futbolçuyla 161 günlük marafon

14:45 22 Dekabr 2015

“Qəbələ” üçün tarixində 2-ci avrokubok mövsümü başa çatdı. Sportarena.az xəbər verir ki, yenə Avropa Liqasında çıxış edən komandamız ötən mövsümdən fərli olaraq bu dəfə nəinki mərhələ adlaya bildi, hətta qrup mərhələsinin də iştirakçısı oldu. Mübarizəyə turnirin birinci təsnifat mərhələsində, iyulun 2-də Tiflisdə “Dinamo”yla matçla başlayan Roman Qriqorçukun yetirmələri üçün avrokubok həyəcanı 161 gün davam etdi.


“Qırmızı-qaralar” bu 5 ayda, ümumilikdə, 14 oyun keçirdilər. Bunun 8-i təsnifat, 6-sı qrup mərhələsi çərçivəsində baş tutdu. “Qəbələ” 7 rəqiblə üz-üzə gəldi ki, bunun da ikisi – “Panatinaikos”la PAOK eyni ölkənin, Yunanıstanın təmsilçiləri idi. “Qəbələ” qalan 5 qarşılaşmada “Dinamo” (Tbilisi, Gürcüstan), “Çukariçki” (Belqrad, Serbiya), “Apollon” (Limassol, Kipr), “Krasnodar” (Krasnodar, Rusiya) və “Borussiya” (Dortmund, Almaniya) komandaları ilə mübarizə apardı.
 

Komanda 14 matçın 3-də qələbə qazandı, 5 dəfə heç-heçə etdi, 6 oyunda məğlub oldu. “Qəbələ”nin qələbə qazandığı oyunlar təsnifat mərhələsinə təsadüf etdi. Maraqlıdır ki, “Qəbələ”nin Yunanıstan təmsilçiləri ilə oyunlarının hamısında heç-heçə qeydə alındı. “Qəbələ” turnirdə 11 qol vurdu, 18 top buraxdı. Avropa Liqasında ən çox qol vuran futbolçumuz kapitan Luis Hilario Dododur - 4. Əsas kapitanımız Cavid Hüseynov 3, estoniyalı Sergey Zenyov 2, ukraynalı Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqləniblər. Qriqorçuk Avropa Liqasında 24 futbolçunun xidmətindən yararlandı ki, bunlardan da 10-u yerli, 14-ü əcnəbi futbolçulardır. Ukraynalı çalışdırıcımız sərəncamında olan hər 3 qapıçının xidmətindən yararlanıb. Təsnifat mərhələsində, ev oyunlarında “quru seriya” ilə turnirin rekordçusu olan əsas qapıçı Dmitri Bezotosnı bir müddət zədəli olduğundan David Pietrzkieviçlə Andrey Popoviç oynamaq şansı qazandılar.

 

Komandanın 4 futbolçusu bütün 14 matçda meydanda olub. Sadəcə, dəqiqə hesabında Aleksey Qay Sergey Zenyov, Aleksey Antonov və Arif Daşdəmirovu qabaqlayır. Yeri gəlmişkən, Qay son turda əvəzlənməsəydi, bütün oyunları 90 dəqiqə keçirən yeganə futbolçu olacaqdı.
 

“Qırmızı-qaralar”ın turnirdə inzitam baxımından ciddi problemləri olmayıb. Belə ki, komandamızın hesabında yalnız 1 qırmızı vərəqə var. Vərəqə müdafiəçi Ürfan Abbasova “Apollon”la Bakıdakı cavab oyununda göstərilib. Ən çox sarı vərəqə isə müdafi əçimiz, ukraynalı Vitali Vernidubun passivindədir – 5.
 

“Qəbələ”nin Avropa Liqasında 2015/16 mövsümündə keçirdiyi oyunlar
 

Təsnifat mərhələsi

2 - 9 iyul. “Dinamo” – “Qəbələ” – 2:1 (0:2)
16 - 23 iyul. “Çukariçki” – “Qəbələ” – 1:0 (0:2)
30 iyul - 7 avqust. “Apollon” – “Qəbələ” – 1:1 (0:1)
20 - 27 avqust. “Qəbələ” – “Panatinaikos” – 0:0 (2:2)
 

Qrup mərhələsi

17 sentyabr. Bakı. “Qəbələ” – PAOK – 0:0
1 oktyabr. Krasnodar. “Krasnodar” – “Qəbələ” – 2:1
22 oktyabr. Bakı. “Qəbələ” – “Borussiya” – 1:3
5 noyabr. Dortmund. “Borussiya” – “Qəbələ” – 4:0
26 noyabr. Saloniki. PAOK – “Qəbələ” – 0:0
10 dekabr. Bakı. “Qəbələ” – “Krasnodar” – 0:3
 

N Futbolçu Mövqeyi Oyun Dəqiqə Qol Sarı Vərəqə (Qırmızı)

1 Aleksey Qay Yarımmüdafiəçi 14 1246 0 0
2 Sergey Zenyov Hücumçu 14 1197 2 1 (0)
3 Aleksey Antonov Hücumçu 14 1144 1 2 (0)
4 Arif Daşdəmirov Müdafiəçi 14 957 0 0
5 Rikardinyo Müdafiəçi 13 1170 0 2 (0)
6 Luis Hilario Dodo Yarımmüdafiəçi 13 852 4 1 (0)
7 Dmitri Bezotosnı Qapıçı 12 1080 -11 1 (0)
8 Rəşad Sadiqov Yarımmüdafiəçi 12 793 0 1 (0)
9 Vojislav Stankoviç Müdafiəçi 11 990 0 3 (0)
10 Rafael Santos Müdafiəçi 10 900 0 3 (0)
11 Ermin Zets Hücumçu 9 369 0 0
12 Samir Zərgərov Yarımmüdafiəçi 9 369 0 0
13 Cavid Hüseynov Yarımmüdafiəçi 8 720 3 3 (0)
14 Vitali Vernidub Müdafiəçi 8 720 0 5 (0)
15 Ürfan Abbasov Müdafiəçi 6 531 0 2 (1)
16 Sezar Meza Kolli Yarımmüdafiəçi 5 384 0 1 (0)
17 Fakundo Pereyra Yarımmüdafiəçi 5 277 0 1 (0)
18 George Floresku Yarımmüdafiəçi 5 182 0 3 (0)
19 Elvin Camalov Yarımmüdafiəçi 3 21 0 1 (0)
20 Asif Məmmədov Yarımmüdafiəçi 3 11 1 0
21 Andrey Popoviç Qapıçı 1 90 -3 0
22 David Pietrzkieviç Qapıçı 1 90 -4 0
23 Vaqif Cavadov Yarımmüdafiəçi 1 17 0 0
24 Məhəmməd Mirzəbəyov Müdafiəçi 1 7 0 0


Digər xəbərlər

Xəbər xətti