"Pupon ehtiyatda oturmaq istəmirdi" - MÜSAHİBƏ

18:15 11 Yanvar 2016

"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a müsahibə verib. Sportarena.az xəbər verir ki, klub rəsmisi komandanın təlim-məşq toplanışı, transfer və bir çox məsələlərdən danışıb.

 

- "Qarabağ" 2 ildir Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu baxımdan, hazırda toplanışda olduğunuz Türkiyənin Antalya bölgəsində komandanıza münasibətdə hansısa dəyişiklik hiss edirsiniz?

- Komanda həmişə olduğu oteldə məskunlaşıb. Təbii ki, burada da "Qarabağ"ın son 2 ildəki uğurlarından xəbərdardırlar. Üstəlik, bu, bəzi məsələlərdə bizə kömək edir. Burada komandaların sayı az olsa da, yoxlama görüşü keçirmək üçün baş məşqçinin istəyinə uyğun rəqiblər tapmaqda çətinlik çəkmirik.

 

- Komandanın hazırlığı necə gedir?

- Hazırlıqlar baş məşqçi Qurban Qurbanovun planlarına uyğun olaraq davam etdirilir. 4 yoldaşlıq görüşü keçirəcəyik. Bu oyunlar yanvarın 16-dan etibarən balayacaq. Komandada hər şey qaydasındadır.

 

- 4 rəqib arasında "Traktorsazi" klubu da olmalı idi, amma alınmadı...

- Əslində görüş keçirməyi onlar təklif etmişdilər. Səhv etmirəmsə, İranda yerli federasiya da bu işlə məşğul olur. Deyəsən, problem orada yaranmışdı. Biz oyunun keçirilməsi barədə müqavilənin imzalanmasını gözləyirdik, amma müvafiq sənəd gəlmədi. Yəni, problem biz tərəfdən yox, onlardan yarandı.

 

- Raydell Puponla yollarınız niyə ayrıldı?

- Sadəcə, baş məşqçi əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun bilmədi. Pupon da ehtiyatda oturmaq istəmirdi. Karyerasını oynaya biləcəyi komandalarda davam etdirməlidir. Onunla müqavilə müddətinin bitməsinə hələ ilyarım vardı. Futbolçu ilə danışdıq və qarşılıqlı razılıq əsasında yollar ayrıldı.

 

- Namiq Ələsgərovun "Kəpəz"lə anlaşdığı deyilir. Elə isə "Qarabağ"ın düşərgəsini nə vaxt tərk edəcək?

- Bəli, artıq razılıq olub. Namiq mövsüm sonunadək "Kəpəz"də icarə əsasında forma geyinəcək. 1-2 günə də vətənə qayıdacaq.

 

- Muarem Muaremin komandaya qayıdışı necə baş tutdu? Müraciət futbolçudan gəldi, ya komandadan?

- Bilirsiniz, futbolda ilk müraciət söhbəti yoxdur. Baş məşqçinin istəyinə uyğun mövqelərdə gücləndirmə işləri aparılır. Cinah oyunçusu mövqeyinə futbolçu lazım idi. Bu səbəbdən, Muaremlə danışıb razılaşdıq.

 

- Eltun Yaqublu, ardınca da Namiq Ələsgərov... Gənc futbolçuların icarəyə göndərilməsi nə ilə bağlıdır?

- Ümumiyyətlə, bizim əvvəllər də belə strategiyamız olub. Gənc futbolçudur və əsas heyətdə yer tapa bilmirsə, getsin başqa komandada çıxış etsin, oyun təcrübəsi toplasın. İcarə əsasında bir müddət forma geyindikdən sonra daha yaxşı olur.


Digər xəbərlər

Xəbər xətti