Tofiq Heydərov: "Hər şeyə şükür edirəm" - MÜSAHİBƏ + FOTOLAR

14:07 15 Yanvar 2016

Oxu.Az-ın “Oyundan  kənar” rubrikasının növbəti qonağı Əməkdar idman xadimi, “Zirvə” İdman Klubunun təsisçisi və prezidenti, AAAF Park Yaşayış Kompleksinin qurucusu Tofiq Heydərovdur.

Sportarena.az Heydərovun müsahibəsini təqdim edir:

- Tofiq müəllim, ilk olaraq sizi tanıyaq. Bizə bir az idman karyeranızdan danışın.

- İdmançı olaraq qocalmışam artıq (gülür).

Mən - Tofiq Mirhəsən oğlu Heydərov 16 iyul 1972-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Lənkəranın məşhur məktəbi olan 2 nömrəli məktəbdə təhsil almışam. Məktəb illərində yaxşı oxuyan olmuşam. Adətən oğlan uşaqları dərsdən yayınırlar, amma mən bütün dərslərimdən əlaçı idim. İngilis və rus dilindən “4”, qalan fənlərdən həmişə “5” alırdım. İdman növünü götürsək, ilk olaraq şahmatla məşğul olmuşam. Bilirsiz ki, bu, səbir tələb edən idman növüdür.

- Deməli, səbirli birisiz?!

- Bəli, çox səbirli, təmkinliyəm.

- İdmanla məşğul olmaq üçün şəraitiniz necə idi?

- Həmin illər idman zalları, xüsusi avadanlıqlar yox idi. İndi çox yaxşıdır, gənclərimiz, idmançılarımız, ən azı idmanla məşğul olmaq istəyənlər üçün hər şey asandı. O vaxtlar isə belə şeylər yox idi. Nə kənddə, nə şəhərdə, nə də ümumilikdə məktəblilər üçün belə şərait vardı.

Hansısa alətlərdən nəsə düzəldib idman edirdik. Məsələn, qum torbaları, ya da hansısa ağırlıqqaldırma üçün özümüz düzüb-qoşurduq, nə iləsə məşğul olurduq. Həmin illərdə yarışa hər istədiyi adam da gedə bilməzdi. Bacarığı olan gedirdi, əziyyət çəkən qələbə qazanırdı.
Mən hansı idmanla məşğul olsam da, fikrim, həvəsim ağırlıqqaldırmaya idi. Və 1980-ci ildə ilk dəfə Lənkəranda başladım. Həmin vaxt yeniyetmə idim. Çox az-az turnir keçirilirdi, amma hər birində iştirak edirdim. Uğurlu nəticələrim olduqca davam edirdim. SSRİ vaxtı idi. Azərbaycan kubokunu qazandım. Halbuki böyüklər arasında keçirilirdi, mənim isə istedadım olduğu üçün seçilmişdim.

- Hansısa işi görmək üçün şərait vacibdir, ya insanın istəyi yetər?

- Şərait yox idi, ancaq buna baxmayaraq, mən məşğul olurdum. Demək ki, insanın istəyi, əzmi qalib gəlir. Hər şeyə rəğmən bütün yarışlarda iştirak edirdim. Sizə deyim: hər şey 1980-ci ildən sonra başladı. 1988-ci ildə artıq mən idman ustası idim. İdmanda öz yolumu tapmışdım.

1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının tərkibində Macarıstanın Sekzard şəhərində keçirilən “Dostluq Kuboku”nda iştirak etdim. 75 kq çəki dərəcəsində 312,5 kq (142,5+170,0) nəticə ilə üç qızıl medal - birdən qaldırma, təkanla qaldırma və toplamda qazandım. O vaxt hər kəs mənimlə maraqlanırdı. İnsanlar üçün maraqlı gəlirdim.

- İdmanla məşğul ola-ola çalışırdınız, ya buna vaxt olmurdu? Çünki idman elə bir peşədir ki, onu seçdinsə, davamlı onunla məşğul olmalısan…

- Bəli, çalışırdım. Həmin illər 1992-ci ildə 16 iyul tarixində məni Lənkəran şəhər Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri təyin etdilər. Amma təhsilimə də davam edirdim. Təhsilsiz mümkün deyil, olmamalıdır da. Mən belə düşünürəm. 1990-95-ci illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə ali təhsil aldım.

- Çalışaraq yarışlara da davam edirdiniz?

- 1992-ci ildə ilk dəfə İranın Təbriz şəhərində keçirilən Asiya çempionatı və Namçu kubokunda iştirak etdim və gümüş medal qazandım. 1996-cı ildə Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında 83 kq çəki dərəcəsində 335 kq-la (152,5+182,5) 5-ci yerə çıxaraq Atlanta Olimpiya Oyunlarına lisenziya əldə etdim. Olimpiya oyunları da bilirsiz də… O illərdə də, indi də məşhurdur.
Lisenziyanı əldə etdim və qaldı iştirak etmək. 1996-cı ildə 26-cı Yay Olimpiya Oyunlarında, yəni Atlanta Olimpiadasında ağır atletika üzrə yarışlarda 83 kq çəki dərəcəsində mübarizə apardım. Toplamda 330 kq (150+180) nəticə ilə 11-ci yeri tutdum. Olimpiadadan sonra ümummilli liderimiz, mərhum prezident Heydər Əliyev bir neçə idmançını, həmçinin məni də qəbul etmişdi. Xatirə hədiyyəsi ilə təltif olunmuşduq. Biz o illərin uğurlu idmançıları idik, Olimpiadada qalib olmağımız, prezidentimizin bizimlə səmimi söhbəti bizə stimul vermişdi.

- O illəri deyə bilmərəm, amma indi bəzi idmançılarımız var ki, Olimpiadadan sonra arxayınlıq ab-havasında olurlar. Sizdə necə oldu, xüsusilə də həmin illərdə?

- Qətiyyən! Nə arxayınlıq? Əksinə, işimizlə təhsilimizlə bərabər yenidən yarışlara qatılırdım, turnirlərdə iştirak edirdim. Çünki bu, mənim sevimli idman növüm idi. Azərbaycan çempionatında iştirak edirdim və dəfələrlə qalibi, rekordçusu olurdum. Müstəqillik tariximizdə Azərbaycanı Olimpiada kimi mötəbər yarışda təmsil edən ilk ağır atletəm.
- Karyeranızı tez bitirməyinizi düşünmüsünüz heç?

- 2001-ci ildə karyeramı bitirdim. Bitirdim, amma o demək deyil ki, idman da bitdi. İndiyə kimi də davam edirəm, nə qədər yaşım var davam da edəcəm. 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edildim. Federasiyanın inkişafı üçün və idmançılara dəstək olmağa çalışırdıq. Bu idman növü həm dünyada, həm də Azərbaycanda çox inkişaf etməyib. Ancaq zəhməti, əziyyəti olan idman növüdür. Həmişə düşünürəm ki, niyə də inkişaf etməsin ki? Əlimizdən gələni etmişik, edirik, edəcəyik də.
- Dəstəkdən söz düşmüşkən… Bildiyimə görə, AAAF Parkda sırf atletlər üçün istənilən şəraiti yaratmısınız.

- Biz ilk dəfə Xırdalana gələndə bir zalın inkişafı üçün gəlmişdik. Bu gün artıq nəinki zal, sırf idmançılar, onların inkişafı, bu idman növünün inkişafı üçün böyük bir idman liseyi, məktəbi – “Zirvə Liseyi” qurmuşuq. Biz 2005-ci ildən “AAAF İnşaat MMC” – tikinti şirkətini təsis etməklə başladıq. Rəsmi olaraq 2006-cı ilin noyabr ayında isə “Zirvə” İdman Klubunu yaradaraq fəaliyyətimizə genişlik verdik. Hazırda bir çox bölgələrdə - Lənkəranda, Masazırda, Xırdalanda, Lerikdə, Samuxda və bir çox digər yerlərdə filiallarımız var.

Xırdalanda idman klubumuzda məşqçilər, idmançılar yetişdiririk, hər cür şəraiti yaratmışıq. İdmançılarımızın inkişafı üçün əlimizdən gələni edirik ki, sabah bu idman növündə bizim uğurlarımız daha da çox olsun. Səhər, günorta, axşam yeməyi, məşq zalı, otaqlar idmançılarımızın ixtiyarındadır.

- Pauerliftinq idman növünün yarışını ilk olaraq Azərbaycanda demək olar ki, siz etmisiniz…

- Bəli, qeyri-Olimpiya idman növü olmasına baxmayaraq çalışırdım ki, çempionatlar keçirək, idmançılarımız inkişaf etsin. Bir çox çempionatlar keçirmişik. Məsələn, elə dünya çempionatı. Məhz Azərbaycanda keçirdik. Bu yaxınlarda isə AAAF Parkda Azərbaycan kuboku təşkil etdik. Federasiyanın rəhbəri Ələddin Əliyev bu gün bu idman növünün inkişafı üçün əlindən gələni edir. Yəni biz hamımız bir  ölkənin vətəndaşlarıyıq, hamımız çalışırıq ki, idman inkişaf etsin. Fərqi yoxdur, hansı idman növü olur-olsun, idmanın inkişafı ölkənin inkişafıdır.
- Bir çox layihələr, bir çox idmançılara da məhz siz dəstək olursunuz…

- Əslində, insan elədiyi şeyləri deməz, çünki onun bir qiyməti qalmır. Amma bu gün siz deyin ki, biz də bilək. Biz idmançılara məhz elə burda - Xırdalanda evlər vermişik, nəticəsindən asılı olmayaraq. Məsələn, uşaqlara stimul olması üçün, yeniyetmə idmançılar yarışlarda iştirak etdiyi üçün sertifikatlarla, diplomlarla təltif olunur və üstəlik, pul mükafatı da veririk. Daha sonra biz fiziki qüsurlu insanlar üçün sosial layihələrə dəstək oluruq.

Azyaşlı məhbuslarla bağlı xeyriyyə yönlü layihələr, Xocalı ilə bağlı tədbirlər… Bu kimi sosial mövzulu tədbirlər keçirmişik və davamlı da edirik. Və 15 ildir ki, şəhid olan atletimiz Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnir keçirilir. Biz də təşkilati işlərdə fəalıq. Bu turnirə dəstək bizim borcumuzdu. Yenə deyirəm, bunları reklam üçün demirəm. Sadəcə edirik. Gərəkli saydığımız üçün.

- Bəs olubmu ki, sizə sadəcə yaxınlaşıb desinlər, “bizim bu köməyə ehtiyacımız var, kömək edin”?

- Olur, təbii ki. Amma bundan sui-istifadə edənlər oldu. Biz sonradan bildik.

- Hazırda federasiyada işinizə davam edirsiniz, yoxsa?

- 2011-ci ildə işlərimin çoxluğu ilə əlaqədar, vitse-prezident vəzifəsindən ayrıldım. Amma biz bir şirkət olaraq idmançılarımıza dəstəyimizi əsirgəmirik.

- Ən çox nə əsəbləşdirə bilər sizi?

- Əslində, çox səbirli biriyəm. Hər şeyə şükür edirəm. Ən pis halda da şükür edirəm, ona görə də hansısa bir şey məni əsəbləşdirə bilməz.

- Yeni ilə nə kimi planlarınız var?

- Bir çox layihələrimiz var. Artıq 2016-cı ildə AAAF TV-nin yayımına başlayırıq, orada əsasən ağır atletika, pauerliftinq, bodibildinq və digər bu kimi ağırlıqqaldırma növlərini geniş işıqlandırmaq fikrindəyik.


Xəbər xətti