Yunis Hüseynovun məsuliyyətdən qaçmağı

15:32 15 Yanvar 2016

“Xəzər Lənkəran” kənardan “Rəvan”ı, Elbrus Məmmədov isə Bəhmən Həsənovu xatırladır hazırda. Klubu ağuşuna alan maliyyə böhranı baş məşqçi postunda növbəti dəyişikliyə səbəb oldu. Yunis Hüseynov “getdi”, Elbrus Məmmədov “gəldi”. Bu gediş-gəliş heç də yad deyil azarkeşlərə. Komandada hələ “gəncləşdirmə siyasəti”nin ilk toxumları səpiləndə əvəzedici heyətin çalışdırıcısı sükan arxasına gətirildi. Çətin günlərdə komandaya arxa çevirməyən Məmmədov düşünürdü ki, vəziyyət düzələr, daha yaxşı oyunçularla daha yaxşı kollektiv qurub, daha yaxşı yerlər uğrunda mübarizə aparar. Amma klubdakı cüzi canlanma Məmmədovun arzusunu ürəyində qoydu. Həmin vaxt üçün idman direktoru olan Yunis Hüseynov çətin vaxtlarda sahib çıxmadığı “Xəzər Lənkəran”ın baş məşqçisi oldu. Amma azacıq çətinliyə düşən kimi yenə üz çevirdi komandadan və yenə Elbrus Məmmədovu məcbur otuzdurdular bu postda.

 

Yunis Hüseynov komandaya belə vaxtda lazım idi. Öz təcrübəsi, məşqçilik bacarığı ilə. O nə etdi? Çətin gündə yenə yaxasını kənara çəkdi. Bir növ məsuliyyətdən qaçdı. Bildi ki, bundan sonra komandanı ayaqda saxlamaq asan olmayacaq. Böyük zəhmət, əziyyət tələb edəcək. Bunların qarşılığında isə həm azarkeşlərdən, rəhbərlikdən irad eşidəcək, həm də tənqid olunacaq. Bütün bunları nəzərə alan Hüseynov bu dəfə meydandan kənarda taktiki gediş edərək, vəzifə dəyişikliyi etdi. Özü də Elbrus Məmmədovun istəyini nəzərə almadan.

 

Çox gümün ki, komandanı yenə Hüseynov idarə edəcək. Çünki klubdakı əsas söz sahibi şəxslərdən biridir. Özünün də dediyi kimi, hazırlıq planını o tərtib edib, Məmmədov da buna uyğun komandanı mövsümün qarşıdakı hissəsinə hazırlayacaq. Məmmədov isə sadəcə fiqur olacaq. Əsas tapşırıqları yenə Yunis müəllim verəcək. Amma təzyiq altında qalan, tənqidlərə tuş gələn Məmmədov olacaq. Yunis bəy deyir ki, Elbrus gəncləri yaxşı tanıyır, o, komandanı daha yaxşı hazırlaya bilər. Bir il müddətdində Hüseynov sərəncamında olan gəncləri tanıya bilməyibsə, onların nəyə qadir olduğuna bələd olmayıbsa... Sözün bitdiyi yerdi.

 

Elbrus Məmmədovun hansı qərarı qəbul edəcəyini bilmirəm. Amma bir az düşünsə, hansı yükün altına itələndiyini başa düşəcək. Yaxşı olardı ki, təklifi qəbul etməsin. Əgər ikinci Bəhmən Həsənov olmaq istəmirsə.

 

ELNUR


Digər xəbərlər

Xəbər xətti