Güləş hakimlərimizlə bağlı dəyişiklik

22:53 20 Yanvar 2016

Dünya Güləş Birliyi hakimlərin statusu ilə bağlı yeni siyahı açıqlayıb. Ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2016-cı il üçün hakimlik dərəcələri təyin olunub. Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib.

Olimpiya dərəcəli (I-S) hakimlərin siyahısında ölkəmizi Hicran Şərifov və Asif Şirəliyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Asif Şirəliyev isə bu il I-S (Super kateqoriyalı) dərəcəsinə yüksəlib. 

DGB-nin imtahanından uğurla keçən hakimlərimiz Natiq Hacıyev və Sədi Quliyevdir. Onlar ötənilki sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəliblər. Bu kateqoriyada ölkəmizi həmçinin, Qərib Əliyev və İntiqam Alıyev təmsil edir.

Yeni siyahıda statusu yüksələn daha bir hakimimiz isə Vüqar Şükürovdur. O, II dərəcəyə yüksəlib. Bu kateqoriyada ölkəmizi həm də Vaqif Zeynallı təmsil edir. Bundan başqa milli dərəcəli hakim Bəşir İsazadə III dərəcə hakimlik statusuna layiq görülüb. 

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. Beləliklə, 2016-cı il ərzində beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, ümumilikdə 20 nəfər beynəlxalq dərəcəli hakim təmsil edəcək. Onlardan iki nəfəri I-S (Olimpiya), dörd nəfəri I dərəcə, iki nəfəri II dərəcə, 12 nəfər isə III dərəcə beynəlxalq hakimlik statusuna malikdir.

Bundan əlavə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası gənclərin güləş hakimliyinə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, ötən il ərzində hakimlik seminarlarında müvəffəqiyyət qazanan gənclərdən 18 nəfəri milli hakim statusu alıb və ölkədaxili yarışların idarə edilməsində iştirak edir.


Digər xəbərlər

Xəbər xətti