Cüdoçumuz Kubada medal qazandı

18:30 23 Yanvar 2016

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışlarına start verilib. 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə cüdo üzrə Azərbaycan milli komandasının 3 üzvü qüvvəsini sınayıb.

60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşeri, ardınca monqolustanlı Tsoqtbaatar Tsendoçiri məğlub edən Səfərov 1/4 finalda Böyük Britaniya idmançısı Eşli Makkenziyə qalib gəlib. Lakin idmançımız yarımfinalda braziliyalı Erik Takabatakeyə uduzaraq, bürünc medal uğrunda Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayevlə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Orxan Səfərov rəqibinə qalib gələrək, Kuba Qran-Prisində millimizin aktivinə ilk medalı yazdırıb.

Digər iki cüdoçumuz – İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) isə mübarizəni erkən dayandırıblar. 


Xəbər xətti