Adams millini çalışdırmaqdan imtina etdi

16:08 26 Yanvar 2016

"Qəbələ"nin direktoru Toni Adams Malayziya yığmasından təklif alıb. Sportarena.az xəbər verir ki, 49 yaşlı mütəxəssisə ötən ilin sonlarında Malayziya yığmasının baş məşqçi vəzifəsi təklif olunub.

Bu barədə ESPN-ə danışan Adams bunları deyib: "Malayziya yığmasından təklif almağım xoş oldu. Ancaq təklifi diqqətlə dəyərləndirdikdən sonra "Qəbələ"də qalmağa qərar verdim. Çünki bu klubda daha gözəl imkanlar var".

"Arsenal"ın canlı əfsanəsi eyni zamanda gələcəkdə Asiya ölkələrində çalışa biləcəyini istisna etməyib: "Asiya dünyada futbolun sürətlə inkişaf etdiyi bölgələrdən biridir və ora mənim üçün çox maraqlıdır. Mənim dostum və "Qəbələ"dəki keçmiş köməkçim Qari Stivens daha öncə Tayland millisinin baş məşqçisi olub və mənə oradakı işindən nə qədər zövq aldığını deyib. Əlbəttə, hər zaman yeni çağırışlara və yeni təkliflərə açığam. Buna görə də gələcəkdə nələr olacağını deyə bilmərəm".
 
Qeyd edək ki, 2010-2011-ci illərdə "Qəbələ"də baş məşqçi kimi çalışan Adams ötən ilin yanvar ayında klubun direktor vəzifəsinə təyin olunub.


Xəbər xətti