Cavid Hüseynovun məhkəməsindən: Vəsatətlər təmin olunmadı

13:35 27 Yanvar 2016

Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb. Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi hazırlıq iclasında müşavirədən sonra vəsatətlərin təmin olunmadığı elan edilib.
 
Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.
 
Qeyd edək ki, Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək azadlığa buraxılması, cinayət işinə Rasim Əliyevin ölümü ilə bağlı keçirilən əsas məhkəmə prosesi yekunlaşandan sonra baxılması barədə vəsatətlər qaldırıb.
 
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
 
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.


Xəbər xətti