AFFA rəsmiləri elektron idman mətbuatının nümayəndələri ilə görüşdü

15:47 28 Yanvar 2016

Bu gün AFFA rəsmiləri ilə elektron idman mətbuatının nümayəndələri arasında görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Boulevard Hotel Baku” otelində baş tutan görüşdə elektron idman KİV-in hazırkı durumu müzakirə edilib.

 

İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da iştirak edib. Tərəflər arasında uzun müzakirələr aparılıb.

 

İdman mətbuatının hazırkı durumu ilə bağlı fikir bildirən baş katib problemlərin yoluna qoyulması üçün əllərindən gələni edəcəklərini bildirib: “Bizi 2020-ci ildə böyük futbol hadisəsi gözləyir. Əmin olmalıyıq ki, o vaxta qədər rəqəmsal idman mətbuatında problem qalmayacaq. Çatışmazlıqları aradan qaldırmalıyıq. Sizi yığmaqda məqsədimiz də danışıb, problemləri müzakirə etməkdi. Biz istəyirik ki, rəqəmsal idman mətbuatı daha effektli olsun. Həm AVRO-2020, həm də digər yarışlar zamanı xarici jurnalistlər bura gələndə görsünlər ki, bizim idman mətbuatının səviyyəsi yüksəkdi”. (Apa)


Xəbər xətti