"Artıq yorulmuşam" - Fariz Məmmədov

11:24 29 Yanvar 2016

Peşəkar boksçu Fariz Məmmədov fevralın 6-da növbəti görüşünü keçirəcək. Sportarena.az xəbər verir ki, həmin gün idmançı WBF versiyası üzrə dünya çempionluğu uğrunda mübarizə aparacaq.

Fariz Məmmədovun rəqibi afrikalı Badri Lyusimbiya olacaq. Fariz Məmmədov görüş haqda bunları deyib: "Rəqibim karyeramda ən güclülərdən biridir. Sol əllə vuruşur, yəni solaxaydı. Son aylar bu tərzdə hazırlaşdığımdan heç bir problem olmayacaq. Sözsüz karyeramın ən vacib görüşünə çıxıram. Məni yalnız qələbə razı sala bilər. 12 raundluq görüşə tam hazıram. Son yoxlama görüşlərində də 12 raunda hazır olduğum təsdiq olundu".

Fariz növbəti dəfə Azərbaycanda rinqə çıxmağın məsuliyyətli olduğunu söylədi: "Ardıcıl ikinci dəfə məğlub olmuşam. Bundan sonra "Qəbələ" klubunun rəhbərliyinə 3-cü dəfə doğma meydanda mübarizə aparmaq istəyimi bildirdim. Təşəkkür edirəm, mənə etimad göstərdilər. Çətin olacaq, amma asanlıqla qələbə qazanmaq olmur. Rəqib üçün də bu görüş vacibdir. Mən isə azarkeşlər önündə dünya çempionluğu kəmərini qazanmaq istəyirəm. Bu mənim arzumdur".

Məmmədov azarkeşlərə nokaut deyil, gözəl mübarizə söz verdi: "Boksda adətən nokaut söz vermək şou xarakterli çıxışlara aiddir. Mən peşəkar boksçuyam və konkret olaraq mübarizə söz verirəm. Xalqımı sevindirmək istərdim. Sözsüz, erkən qələbəyə ancaq şad olaram. O zaman başımıza daha az zərbə dəyəcək".

Qeyd edək ki, bu görüş Fariz Məmmədov üçün karyerasında sonuncu görüş olacaq. Bununla peşəkar boksçu karyerasını başa vuracaq: "Artıq yorulmuşam. Qəti qərar qəbul etmişəm ki, karyeramı başa vurum. İstirahət etmək istərdim. Boksdan kənarda dincəlməyi arzu edirəm. Məşqçilik mənlik deyil. Almaniya promouter şirkətiylə iki illik müqaviləm var. Qaydalara görə 2016-cı ildə də döyüşmək hüququm var. Onlara bildirmişəm ki, son görüşümdür. Sağ olsunlar ki, etiraz etməyiblər. İstərdim ki, peşəkar boksla qələbəylə vidalaşım".

ATV


Xəbər xətti