Fariz Məmmədov: "Həmin günü səbirsizliklə gözləyirəm"

18:20 31 Yanvar 2016

Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” klubunun üzvü Fariz Məmmədovun karyerası ərzində keçirəcəyi ən vacib döyüşün vaxtı dəqiqləşib. 
 
Sportarena.az xəbər verir ki, 35 yaşlı idmançı peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) versiyasında dünya çempionluğu uğrunda döyüşə fevralın 6-da çıxacaq. Bu barədə “Qəbələ İK”ya boksçunun özü məlumat verib.
 
Fariz Məmmədov ötən ilin dekabrına planlaşdırılan görüşün təxirə düşməsinin səbəblərini də açıqlayıb: “Bildiyiniz kimi, WBF versiyası üzrə dünya çempionluğu uğrunda döyüşü, təxminən, bir ay öncə keçirməli idim. Amma qəflətən xəstələnməyim planları pozdu. Qarşı tərəflə danışıqlardan sonra döyüşün tarixini fevralın 6-na keçirmək barədə razılıq əldə etdik”.
 
WBO və WBCA versiyaları üzrə Avropa kəmərinin sahibi olan həmyerlimizin rəqibi isə dəyişməz olaraq qalır. Yəni Fariz əvvəlcədən də elan olunduğu kimi, Uqanda təmsilçisi Badru Lusambia ilə döyüşəcək. 33 yaşlı afrikalı boksçu indiyədək peşəkar rinqdə 28 dəfə döyüşə çıxb. Bunlardan 24-də (22 dəfə nokaut) qalib gələn Lusambia 2 dəfə uduzub, onun iştirakı ilə keçirilən daha 2 döyüş isə heç-heçə nəticələnib. Hər iki idmançının çəkisi 69,9 kq-a bərabərdir. Lakin Farizdən fərqli olaraq Badru solaxaydır.
 
Məmmədov döyüşə son hazırlığı Bakıda keçib: “Vətənə bir ay öncə qayıtmışam. Buna qədər 5 ay Ukraynada hazırlıq keçmişəm. Amma oralar çox soyuqdur. Döyüşün Bakıda gerçəkləşəcəyini nəzərə alıb, yerli iqlimə alışmaq məqsədilə paytaxtımıza döndüm. Xəstəliyimlə əlaqədar bir həftə müalicə olundum. Növbəti həftə isə bərpa prosesinə sərf olundu. Artıq yenidən məşqlərə başlamışam. Təkcə onu bilirəm ki, ayın 6-nı çox səbirsizliklə gözləyirəm”.
 
Möhtəşəm qarşılaşma Azərbaycan Boks Federasiyasının yarış zalında baş tutacaq. Saat 19:00-da start götürəcək boks gecəsində zala giriş pulsuz olacaq.
 
Fariz Məmmədov - Badru Lusambia döyüşündən öncə “Qəbələ” klubunun həvəskar boksçuları Azərbaycan yığmasının üzvləri ilə yoldaşlıq xarakterli döyüş keçirəcəklər. Nəhayət, gecənin son döyüşündə Fariz rinqə çıxaraq həm azarkeşlərə sevinc yaşatmağa, həm də Azərbaycan peşəkar boksunda yeni tarix yazmağa çalışacaq.
 
Onu da qeyd edək ki, fevralın 6-dakı döyüş Məmmədovun karyerasında sonuncu ola bilər. Rinq ustasının 2016-cı illə bağlı bəzi planları var: “Yəqin ki, bu, son döyüşüm olacaq. Bundan sonra peşəkar boksçu karyeramı başa vurub ailə həyatı qurmağı planlaşdırıram. Hələ ki, istəyim budur. Düşünürəm ki, belə də olacaq”.


Digər xəbərlər

Xəbər xətti